“Zirə” sabah UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Hayduk” komandasını qəbul edəcək.


Rekord.az xəbər verir ki, qarşılaşmadan bir gün əvvəl Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov oyuna kifayət qədər yaxşı hazırlaşdıqlarını bildirib:


“Bizim üçün avrokublarda yeni mövsüm başlayır. Ölkə çempionatını uğurla başa vurduq. Çempioantı uğurlu başa vurmağımızın nəticəsi olaraq bu gün avrokuboklarda çıxış edirik.


Oyuna kifayət qədər yaxşı hazırlaşmışıq. İdeal olmasa da, ideala yaxın vəziyyətdəyik. Düşünürəm ki, sabah azarkeşlərimizi maraqlı oyun gözləyir. İstəyirik ki, yaxşı nəticə qazanaq. Azarkeşlərimizdən dəstək gözləyirik. Onların da dəstəyi ilə yaxşı nəticə qazanmaq istəyirik.


Əsasən öz komandamı düşünürəm. Hədəfimiz mərhələni keçməkdir. Təbii olaraq, rəqib də bunu istəyir. Nə dərəcədə uğurlu olacağımızı biləcəyik.


Hazırda Rafael Utziqi komandamda görmürəm. Bir futbolçu yoxlama oyunlarına gəlmirsə, məşqlərdə iştirak etməyib bir ay sonra gəlirsə, təbii ki, o oyunçu oynamayacaq. Hələlik 4 həftəlik komandadan uzaqlaşdırmışıq və həmçinin, müəyyən pul cəzası da verilib”.


Tərəflər sabah saat 19:30-da 8-ci km stadionunda qarşılaşacaq.