“Əzmkar komandaya qarşı oynayacağıq” - Ayxan Abbasov
- 13:30
- 34
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu əzmkar komandaya qarşı keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov deyib.
45 yaşlı mütəxəssis Bakı Litva yığmasına qarşı keçirəcəkləri D Liqasının 2-ci qrupunun oyunu haqqında fikirlərini bölüşüb:
"Artıq bir-birimizi yaxşı tanıyırıq. Əzmkar komandaya qarşı oynayacağıq. Qısa müddətdə dördüncü oyunumuza çıxacağıq. Təəssüf ki, son qarşılaşmada qələbə qazana bilmədik. Futbolçularla söhbətimiz oldu. Sabah daha yaxşı oynamaq məcburiyyətindəyik. Futbolçulara inanıram. Lixtenşteynlə maçtdan sonra çox məyus idilər. Bunu unutmalı və Litvaya qarşı mübariz oyun sərgiləməliyik".
A.Abbasov komandanın tənqid olunmasına münasibət bildirib:
"Millidə oynamaq, çalışmaq böyük təzyiqdir. Bunlara tab gətirməlisən. Son matçdan sonra hər biri ilə təkbətək söhbətlərimiz olub. Milli karyeraları yeni başlayan var. Onlara da vaxt lazımdır. Bir oyunla hər şey bitmir. Qrup lideri olmaq istəyirik".
Baş məşqçi "Lixtenşteynlə qolsuz heç-heçə növbəti rəqibə motivasiya ola bilərmi" sualını da cavablandırıb:
"Digər qruplarda, C Liqasında da stabil nəticələr yoxdur. Bəzən favorit komandalar da qalib gələ bilmir. Bəlkə də onlar bizi yaxşı tanıyır. Sabah rahat olacaqlarına inanmıram. Bir-birimizə yaxın komandayıq. Meydanda mübarizə futbol göstərəcəyik".
Xatırladaq ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.