"Qarabağ"ın yeganə məqsədi həndbol üzrə Azərbaycan çempionatında "Bakı" və "Kür" komandalarını qabaqlamaqdır.


Rekord.az xəbər verir ki, bunu Azərbaycan Həndbol Federasiyasına açıqlamasında Ağdam təmsilçisinin kişilərdən ibarət komandasının baş məşqçisi Sabir Nəzərəliyev deyib.


Mütəxəssis yarışın həlledici mərhələsi və komandadakı vəziyyət barədə danışıb:


"Çempionat uzunmüddətli yarış olduğu üçün burada istər-istəməz zədələr olur, oyunçular gücdən düşürlər. Çalışırıq ki, yarışın sonuna kimi komandamız lider mövqeyində qalsın. Lakin çox gərgin mübarizə gedir. Yekunda uğurlu nəticəyə nail olmaq üçün əlimizdən gələni edirik".


Nəzərəliyev çempionluq yolundakı əsas rəqiblərindən söz açıb:


"Bakı" və "Kür" Azərbaycan çempionu və ölkə kubokunun qalibi olublar. "Qarabağ"ın hələ ki heç bir titulu yoxdur. Bu komandalar bizə ən böyük rəqibdir və çempionluğa layiqdirlər. Yeganə məqsədimiz onları qabaqlamaqdır. Qeyd edim ki, çempionatda ən gənc oyunçulara malik klub məhz "Qarabağ"dır. Biz gənclərimizin inkişafına üstünlük veririk, onlar da bu etimadı doğruldurlar".


O, qitəmiqyaslı yarışlara qatılmaq planlarına da toxunub:


"Bu barədə danışmaq hələ tezdir, çünki çempionat davam edir. Əlbəttə, qitə turnirlərində iştirak vacibdir. Bu, heyətimizdə olan gənc idmançıların təcrübə toplaması baxımından önəmlidir. Lakin hazırda Avropa yarışlarına qatılsaq belə, ciddi uğurlar əldə etmək çətin olacaq. Çünki gənc oyunçularımızın daha çox təcrübə toplamasına ehtiyac var".