Əcnəbi hakimlər Azərbaycan çempionatını dəyərləndirdi
- 22:00
- 30
7–11 yanvar tarixlərində keçirilən güləş üzrə Azərbaycan çempionatına ölkə xaricindən də beynəlxalq dərəcəli hakimlər cəlb olunmuşdu.
Rekord.az xəbər verir ki, ən ali kateqoriyaya (I-S) sahib referilər çempionatın təşkilatçılığı, ümumi səviyyəsi və Azərbaycan güləşi ilə bağlı təəssüratlarını bölüşüblər.
İqor Liqay (Qazaxıstan):
“Azərbaycan çempionatında 2-ci dəfə hakim kimi iştirak etdim. Əvvəlki yarışla müqayisədə, bu il təşkilatçılıq daha yüksək səviyyədə idi. Çoxlu izləyicilər vardı və hətta arenada azarkeşlər arasında yarış da keçirildi ki, güləş daha da tanınsın. Hakimlik səviyyəsi də xeyli artmışdı. Məni və digər həmkarlarımı bu yarışa dəvət edən və xoş qarşılayan Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm. Güləşcilər yaxşı texnika göstərdi. Belə inkişaf sevindirməyə bilməz. İnanıram ki, hər il daha yaxşı olacaq və Allahın izniylə növbəti Olimpiadada Azərbaycan güləşciləri uğurlu çıxış edərlər”.
Yerik Jumabekov (Qazaxıstan):
“Çempionatın təşkilatçılığı ən yüksək səviyyədə idi. Dostlarımız bizi çox yaxşı qəbul etdilər. Azərbaycanın yeməklərindən və qonaqpərvərliyindən çox xoşum gəldi. Hər şey möhtəşəm idi. İdmançılar da çox yaxşı güləşdi. Mübarizə səviyyəsi yüksək idi. Düşünürəm ki, burada olimpiya çəkisində mübarizə aparan uşaqlar dünya çempionatında da sözlərini deyə bilərlər. Artıq ikinci ildir ki, hakim qismində ölkənizə gəlirik. Hakimlər korpusu həqiqətən inkişaf edib. Düşünürəm ki, Azərbaycan güləşi bundan sonra daha da inkişaf edəcək”.
Nima Sadeqi (İran):
“İlk növbədə dəvət üçün Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan çempionatında çalışmaq mənim üçün çox həyəcanverici idi. Çempionat və təşkilatçılıq çox yüksək səviyyədəydi. Azərbaycan güləş sahəsində böyük gücə malikdir. Bu ölkə güləşlə tanınır. Azərbaycanın çox sayda dünya və olimpiya çempionları var. Ölkənizdə olmaq mənim üçün çox xoşdur. Bakı çox gözəldir, insanları isə son dərəcə qonaqpərvərdir”.
Marius Kimpoeru (Rumıniya):
“Əvvəlcə Azərbaycan Güləş Federasiyasına bu dəvətə görə təşəkkür etmək istəyirəm. Burada olmaq mənim üçün böyük şərəfdir və eyni zamanda yeni bir təcrübədir. Azərbaycanda ikinci dəfədir ki, oluram. İlk dəfə 2009-cu ildə gəlmişdim. İndi çox böyük dəyişikliklər müşahidə edirəm və bu yarışın da yüksək səviyyədə təşkil olunduğunu görürəm. Mənim üçün çox maraqlı və güclü güləşçilərin iştirak etdiyi möhtəşəm qarşılaşmalarla dolu yarış oldu”.
Roman Pavlov (Ukrayna):
“İlk dəfə Azərbaycan çempionatına dəvət olunduğum üçün şadam. İdmançılar arasında rəqabət səviyyəsi yüksək idi. Yarışın çox yaxşı hakim heyəti vardı. Gənc və təcrübəli hakimlərin sintezindən çox yaxşı nəticə əldə edildi. Həmkarlarla işləmək xoş idi. Təşkilatçılıq dünya səviyyəsindəydi. İzləyicilərin marağı isə ən vacib məqamdır. Dolu bir zalda işləmək adama zövq verir və yüksək adrenalin yaradırdı. Çox şadam ki, Azərbaycanın müxtəlif yaş qrupları üzrə çempionatlarına başqa ölkələrdən də hakimləri dəvət edirlər”.