
“Bunun üçün inanmaq və sonadək mübarizə aparmaq lazımdır”
- 15 Avq 2025 22:00
- 36
Sports.az Yunan-Roma güləşi üzrə U20 Avropa çempionu Ayxan Cavadovun Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibəsini təqdim edir:
– Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa neçə faiz hazır hiss edirsən?
– Dünya cempionatına hazırlıq çox yaxşı gedir. Demək olar ki, təlim-məşq toplanışımız sona çatmaq üzrədir. Özümü yarışa tam hazır hiss edirəm.
– Ötən il U17 Avropa və dünya çempionu olmuşdun. Bu il də eyni nəticəni U20 yaş qrupunda təkrarlaya bilərsən. Bunun üçün nə lazımdır?
– Heç nə mümkünsüz deyil. Eyni nəticəni təkrarlaya bilərəm. Bunun üçün, sadəcə, inanmaq və sona kimi mübarizə aparmaq lazımdır.
– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?
– Hər bir rəqib seçilmiş və güclü idmançıdır. Amma fərqləndirməli olsaq, Asiya təmsilçilərini daha ciddi rəqib sayıram.
– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var?
– Hələ ki, 60 kq-da güləşməyi fikirləşirəm.
– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?
– Daha çox fiziki hazirlığı artırmağı fikirləşirəm.
– Güləşdə kumirin kimdir? Kimi özünə örnək götürürsən?
– Örnək götürüləsi çox idmançı var. Kumirim isə olimpiya və ikiqat dünya çempionu Keniçiro Fumitadır.