Benitonun benefisi, Atakişiyevin debütü
- 17:20
- 34
"Kəpəz"in Misli Premyer Liqasının 7-ci turunda "Araz-Naxçıvan"a qarşı keçirdiyi oyun bir sıra maraqlı göstəricilərlə yadda qalıb.
Rekord.az xəbər verir ki, "sarı-göylər" cari mövsümdə ilk səfər qələbəsinə nail olublar - 2:0.
Eyni zamanda komandanın məhsuldarlığı da artıb. Bundan öncəki 5 oyunun 4-də hər matça 1 qol vurmuş ("Turan"la 1:0; "Şamaxı" ilə 1:4; "Qəbələ" ilə 1:0, "Sumqayıt"la 1:1) “Kəpəz” dünən 90 dəqiqə ərzində 2 dəfə fərqlənib.
İndi də gələk heyətdəki müsbət dəyişikliklərə. Baş məşqçi Azər Məmmədov bu mövsümdə ilk dəfə Benitoya start heyətdə yer vermişdi. Öz növbəsində nigeriyalı yarımmüdafiəçi çalışdırıcının etimadını doğruldaraq 31-ci dəqiqədə hesabı açdı və qələbədə əsas pay sahiblərindən birinə çevrildi. Beləliklə, Benito təxminən 3 illik fasilədən sonra rəsmi oyunda qol vurmaqla psixoloji təzyiqləri üzərindən atmış oldu. Vaxtilə Kiyev "Dinamo"sunun şərəfini qorumuş legioner tədricən əvvəlki idman formasını bərpa etməklə, sağlam rəqabət sayəsində ilk "11-lik"də möhkəmlənmək niyyətindədir.
A.Məmmədovun daha bir alqışalayiq addımı Arzu Atakişiyevlə bağlıdır. Həmişə gənc futbolçuları dəstəkləyən, onların oyun praktikası qazanmasına və peşəkar kimi yetişməsinə diqqət ayıran baş məşqçi "Araz-Naxçıvan"la qarşılaşmada Arzuya şans verdi. İstedadlı müdafiəçi matçın gedişində Adama Fofanını əvəzləyərək 2026/27 mövsümündə debüt etmiş oldu.
Buna qədər artıq komandanın digər gənc oyunçusu Şahnur İsmayılov belə imkan qazanmışdı. Azər Məmmədov 2-ci turda "Turan Tovuz"la görüşün gərgin keçməsinə və hesabın sürüşkən (1:0) olmasına baxmayaraq, xarakter göstərərək 19 yaşlı Şahnuru mübarizəyə qoşmuşdu.
Təsadüfi deyil ki, "Kəpəz"in baş məşqçisi "Araz-Naxçıvan"la matçdan sonra keçirilən mətbuat konfransında da gənc futbolçulara etimad göstərilməsinin vacibliyini bildirib: "Heyətimizdə elə bir futbolçu qalmayacaq ki, ona şans verilməsin. Bu baxımdan gənc, perspektivli oyunçularımızı daima diqqətdə saxlayırıq".
Bu fikirlər onu deməyə əsas verir ki, Azərbaycan futbol camiəsi və gəncəli azarkeşlər yaxın zamanlarda "Kəpəz"in heyətində gənc və istedadlı futbolçuların ifasında maraqlı oyunlar izləyəcək.