Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku keçirilib.


Rekord.az xəbər verir ki, yarışda 42 ölkədən 150-dən çox gimnast iştirak edib.


Üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə finallara həsr olunub. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxışlarla bacarıqlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriichuk birinci yerə layiq görülüb. İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutub.


Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış ediblər. Çoxnövçülük üzrə qalib İsrail komandası olub. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşıb.


Final mərhələsində isə mübarizə daha da gərgin keçib. Halqa proqramında qızıl medalı Taisiia Onofriichuk qazanıb, Stiliana Nikolova ikinci, Sofiia İlteriakova isə üçüncü olub. Top proqramında Darja Varfolomeev birinci, Sofia Raffaeli ikinci, Stiliana Nikolova isə üçüncü yeri tutub. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeev qalib gəlib, Sofiia İlteriakova və Taisiia Onofriichuk ikinci və üçüncü yerləri bölüşüblər. Lent proqramında da Darja Varfolomeev birinciliyini qoruyub, Sofia Raffaeli ikinci, Akmaral Yerekesheva isə üçüncü olub.


Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü olub. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb, AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yeri tutub.


Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda "AGF Trophy" kuboku ilə təltif olunub. Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüb.