Azərbaycanı Macarıstanda keçiriləcək reytinq turnirində təmsil edəcək güləşçilər müəyyənləşib.


Bu barədə Rekord.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


İlin son reytinq yarışında ölkəmizi sərbəst və yunan-Roma güləşçilərimiz təmsil edəcək. BOK İdman Sarayında təşkil ediləcək turnirin ilk iki günündə sərbəst güləş üzrə millinin üzvləri xalçaya çıxacaq. Növbəti 2 gündə isə yunan-Roma güləşçilərimiz mübarizə aparacaq.


Baş məşqçi Xetaq Qayzumovun və böyük məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında yarışda sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov, Abubakr Abakarov (92 kq) və Giorgi Meşvildişvili (125 kq) iştirak edəcək.


Baş məşqçi, Aleksandr Tarakanov, böyük məşqçi, Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında isə yunan-Roma güləşçiləri - Nihat Məmmədli, İlkin Qurbanov (hər ikisi 60 kq), Ziya Babaşov (63 kq), Fərid Xəlilov (67 kq), Həsrət Cəfərov, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Ülvü Qənizadə (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev, Arif Niftullayev (hər ikisi 97 kq) və Beka Kandelaki, Sərxan Məmmədov (hər ikisi 130 kq) mübarizə aparacaq.


Reytinq turnirində I dərəcəli hakim Kamran Əliyev ədaləti qoruyacaq.


Qeyd edək ki, turnir iyulun 17-dən 20-dək keçiriləcək.