Azərbaycanlı velosipedçi Elçin Əsədov Türkiyədə üçüncü olub.

Rekord.az xəbər verir ki, şose velosipedi üzrə Elit yığma komandamızın üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edərək bürünc medal qazanıb.

Lakin idmançımızın medal kürsüsündə Azərbaycan yox, Bəhreyn sözü yazılmış formada çıxış etməsi təəccüblü görünüb. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Velosiped İdmanı Federasiyası ilə əlaqə saxladıq.

“Orada Bəhreynin Velosiped Akademiyası komandası da iştirak edib. Elçin də kontinental bu komandanın tərkibində yer alıb. Amma orada Azərbaycan millisi də ayrıca iştirak edib”, - Federasiyadan bildirilib (oxu.az).

Elçin Əsədov bu ayın sonları İtaliyada baş tutacaq dünya çempionatında Azərbaycanı təmsil edəcək.