Premyer Liqada 32-ci tura yekun vuruldu. Öyrəndik ki...


- bütün suallara aydınlıq gəldi. "Sabah" çempion kimi ÇL-in 1-ci, "Qarabağ" 2-ci kimi Avropa Liqasının 1-ci, "Turan" 3-cü kimi Konfrans Liqasının 2-ci, "Neftçi" isə 4-cü olaraq Konfrans Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq. "Karvan" sonuncu kimi liqadan düşdü. "Qəbələ" isə 11-ci olduğundan I Liqada 2-ci olacaq komanda ilə neytral meydançada tək matçlıq pley-off qarşılaşması oynayacaq. Qalib tərəf Premyer Liqada olacaq.


- "Turan"ın növbəti, xüsusilə də 3 top buraxaq məğlubiyyəti azarkeşləri hiddətləndirib. Normaldır, onlar heç olmasa özlərindən zəiflərlə matçlarda baxımlı və üstün futbol görmək istəyirlər. İstəmək haqqlarıdır, ancaq onlar da bilirlər ki, Berdıyev bunu edəcək məşqçi deyil. O ümumi nəticəni verir, başqa heç nəyi ondan gözləmək lazım deyil. Bu yaşdan sonra adamı, onun oyun tərzi, fəlsəfəsini dəyişmək mümkün deyil. 


- Ayxan Abbasov "Şamaxı"da böyük işlər gördü. O büdcə ilə bu cür möhkəm komanda qurmaq, onunla hər kəsə başağrı olmağı bacarmaq asan iş deyil. Əminliklə deyirəm ki, onun yerinə gələcək şəxsin kimliyindən asılı olmayaraq komanda növbəti mövsüm elitadan düşməyə əsas namizəd olacaq.


- "Qarabağ" son ev oyununda yenə rahat qələbə qazandı. Ancaq aşkar görünür ki, komanda sadəcə mövsümü bitirməyə çalışır. Tarixlərinin ən uğurlu və ən yorucu mövsümlərini başa vurmaqda olan "köhlən atlar"a istirahət mütləqdir. İstirahət, bərpa və yenilənmə.


- "Neftçi"... Böyük komanda geri qayıdır. Ən azından Avropaya qayıdış artıq rəsmiləşdi. Son çempionu yenərək azarkeşlərini sevindirən Yuri Vernidubun yetirmələri çoxdan itmiş ümidləri yenidən cücərtdi. "Neftçi" Premyer Liqada yeni mövsümün əsas, 1 nömrəli, şübhəsiz çempionluq namizədidir. Bu nəhəngin mübarizəyə tam gücüylə qoşulmasını izləmək çox xoş olacaq. İndidən həyəcanlanırıq.


- Normadan artıq yağan yağış normalarımızın normal olmadığını yenidən göstərdi.


- Avroviziyada sonuncu yeri tutduq. Seçilən mahnıdan bəlli idi. Ancaq bunda problemli bir şey görmürəm. Əsas bu yarışda olmaq, təmsil olunmaqdır. Həmişə zirvədə olmaq mümkün deyil.