"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunda "Qəbələ"yə məğlub olduqları matçdan (1:3) sonra oyun barədə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, mövsümü dəyərləndirən baş məşqçi komandasının qarşıya qoyulan hədəflərə çatdığını, gənc futbolçuların inkişaf etdiyini və rəqabətin artdığı çempionatda irəliyə doğru addım atdıqlarını bildirib:


"Çempionat bitdi. Komandama təşəkkür edirəm, həqiqətən də ağır mövsüm oldu. Əsas hədəfimiz ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etmək idi və təhlil etsək, görərik ki, bunu bacardıq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idisə, bu mövsüm 12 komanda arasında mübarizə qat-qat sərt və gərgin keçdi. Eyni zamanda, kubokda da irəliləyə bildik. İstər gənc futbolçuların inkişafı, istərsə də keyfiyyətli legionerlərin komandaya uyğunlaşması baxımından komandamız xeyli irəlilədi. Əsas məqsədimiz də elə bu idi. Dəstəyə görə klub rəhbərliyinə, futbolçulara və məşqçi heyətinə dərin təşəkkürümü bildirirəm".


Mütəxəssis rəqibə həlledici matçda uğurlar arzulamaqla yanaşı, "Şamaxı"dan ayrıldığını da təsdiqləyib:


"Qəbələ"yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. Ümid edirəm ki, layiqli qələbə qazanarlar. İnanıram ki, "Şamaxı" rəhbərliyi ən düzgün qərarı verərək bu işi davam etdirəcək yeni bir məşqçi ilə anlaşacaq və komanda növbəti mövsümdə bundan da yaxşı olmağa çalışacaq".