Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) idman zalında yeniyetmə və gənc güləşçilərin tanınmış idmançılarla görüşü təşkil olunub.


Rekord.az xəbər verir ki, gGörüşdə olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov və Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev iştirak edib.


Görüşün məqsədi gənc idmançıların motivasiyasının artırılması, onlarla olimpiya təcrübəsinin bölüşülməsi və sağlam həyat tərzinin təbliği olub. Güləşin canlı əfsanələri keçdikləri şərəfli idman yolundan danışmaqla yanaşı, böyük uğurların yalnız zəhmət, intizam, əzmkarlıq və Vətən sevgisi sayəsində qazanıldığını vurğulayıblar. Gəncləri idman həyatında daim məqsədyönlü və iradəli olmağa çağırıblar. Görüş zamanı yeniyetmə və gənc güləşçilər çempionlara müxtəlif suallar ünvanlayıb, onların peşəkar idman karyerası ilə bağlı fikirlərini dinləyiblər.


İdman mərkəzində yaradılmış şəraitlə tanış olan qonaqlar imzalı şəkillərini yeniyetmə və gənclərlə bölüşüb, onlarla xatirə şəkli çəkdiriblər.


1972-ci ildən fəaliyyət göstərən bu idman mərkəzində Namiq və Arif Abdullayev qardaşları, Cəbrayıl Həsənov, Əliabbas Rzazadə, Əfqan Xaşalov və başqa tanınmış güləşçilərin yetişməsində pay sahibi olub. Hazırda burada 6 məşqçinin rəhbərliyi altında 80-ə yaxın yeniyetmə və gənc güləşin sirrlərinə yiyələnir.