Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Perunun paytaxtı Lima şəhərində keçirilən Dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.


Rekord.az xəbər verir ki, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət kollektiv komanda yarışında ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə turnirin finalçısı Yaponiya yığmasına 37:45 hesabı ilə uduzub.


9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmalarda Honkonqa 45:36 hesabı ilə qalib gələn millimiz İspaniya seçmə kollektivinə 35:45 hesabı ilə məğlub olub. Sablyaçılarımız 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Almaniya yığmasına 38:45 hesabı ilə uduzub.


Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç ən güclü 16-lığa kimi irəliləyib. Səbinə Kərimova və Zərifə Hüseynova isə 140-da çox iştirakçının qatıldığı turnirdə ilk yüzlükdə yer alıb.