Azərbaycanın futbol üzrə U-19 və U-17 milli komandaları bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.


Rekord.az xəbər verir ki, U-19 millimiz 2027-ci il Avropa çempionatının 1-ci seçmə mərhələsinin 2-ci qrupunda ikinci matçına çıxıb. Komandamız Serbiyanın paytaxtı Belqradda təşkil olunan görüşdə meydan sahiblərinin həmyaşıdları ilə qarşılaşıb.


Qarşılaşma Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.


U-19 millimiz bundan əvvəl Monteneqroya 2:7 hesabı ilə uduzub. Komandamız qrupdakı son oyununda noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.


Hazırda qrupda Serbiya və Monteneqro 6 xalla ilk iki pilləni bölüşür. Farer adaları və Azərbaycan isə xalsızdır.


U-17 millimiz də bu gün seçmə mərhələdə növbəti oyununu keçirib. 2027-ci il Avropa çempionatının 1-ci seçmə mərhələsinin 2-ci qrupunda yer alan komandamız Şimali İrlandiya ilə üz-üzə gəlib.


Görüş Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.


U-17 millimiz ilk turda Almaniyaya 0:7 hesabı ilə uduzub. Komandamız qrupdakı son matçında noyabrın 17-də Litva ilə qarşılaşacaq.


Hazırda qrupda Almaniya 6 xalla liderdir. Litva və Şimali İrlandiyanın hərəsinin 3 xalı var. Azərbaycan isə xalsız sonuncu pillədə qərarlaşıb.