PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında
- 20:30
- 35
11-13 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Peşəkar Futbol Liqasının tam hüquqlu üzv olduğu Dünya Liqaları Assosiasiyasının illik konfransı keçirilib.
Rekord.az PFL-in saytına istinadən xəbər verir ki, bu konfrans həm də Dünya Liqaları Assosiasiyasının yaradılmasının 10 illik yubileyi ilə əlamətdar olub.
3 günü əhatə edən illik konfransa dünyanın müxtəlif qitələrindən olan 50-dən çox liqa təmsilçisi qatılıb. Azərbaycanı sözügədən mötəbər tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və qurumun texniki- idman direktoru Elgiz Abbasov təmsil edib.
Tədbir zamanı futbol ilə bağlı bir çox mühüm məsələlər müzakirə edilib. Peşəkar Futbol Liqası qəbul edilən qərarlarda tam hüquqlu üzv kimi iştirak edib. Eyni zamanda İtaliya A Seriyasının icraçı direktoru Luici de Siervo növbəti 4 il üçün Dünya Liqaları Assosiasiyasının prezidenti seçilib.
Ölkəmizi konfransda təmsil edən şəxslər eyni zamanda müxtəlif liqaların nümayəndələri ilə görüşlər keçirib, gələcək əməkdaşlıqların perspektivlərini müzakirə ediblər. Yekunda Peşəkar Futbol Liqası adından Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuterə xatirə hədiyyəsi təqdim olunub.