Azərbaycan gimnastlarından Dünya Kubokunun ilk günündə uğurlu nəticə
- 21 Fev 2026 22:56
- 29
Azərbaycan gimnastları Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda uğurlu çıxış edərək, bir sıra proqramlarda final mərhələsinə vəsiqə qazanıblar.
Rekord.az xəbər verir ki, təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov finala yüksəliblər.
Onlar qarışıq sinxron proqramda da birlikdə çıxış edərək həlledici mərhələdə iştirak hüququ qazanıblar.
Sinxron proqramlarda Selcan Mahsudova və Şəfiqə Hümbətova qadınların yarışında, Maqsud Mahsudov və Hüseyn Abbasov isə kişilərin mübarizəsində finalda mübarizə aparacaqlar.
Azərbaycan təmsilçiləri yamblinq üzrə yarışlarda da uğurlu nəticə göstəriblər. Tofiq Əliyev və Mixail Malkin təsnifat mərhələsini uğurla başa vuraraq həlledici raunda yüksəliblər.
Ümumilikdə yarışda Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, tamblinq üzrə isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil edirlər.
Yarışda 6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir. Sabah yarışda final çıxışları keçiriləcək.