Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatına yekun vurulub.


Rekord.az xəbər verir ki, qaliblər 3 yarış gününün nəticələrinə əsasən müəyyənləşib.


İştirakçılar mövsümün şose velosipedi üzrə sonuncu daxili yarışının 1-ci və 3-cü günlərində qrup ötüşməsi, 2-ci günündə isə fərdi ötüşmə növü üzrə mübarizə aparıblar.


Ümumi təsnifatda Elit/U-23 yaş kateqoriyasında Şahin Eyvazov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nofəl Nuriyev 2-ci, Əli Qurbanov 3-cü yeri tutub (hər üçü "AE Cycling School").


Gənclər kateqoriyasında Nihad Xudoyev (ROEQIUGVM) Azərbaycan çempionu olub. Murad Nadirov ("Təhsil") və Həsən Zeynalov (ROEQIUGVM) müvafiq olaraq 2-3-cü nəticə göstəriblər.


U-17 yaş kateqoriyasında Ümid İsmayılov qızıl, İlkin Sadıqzadə gümüş medal qazanıb (hər ikisi "Təhsil"). Əli Zeynalzadə (ROEQIUGVM) bürünclə kifayətlənib.


U-15 yaş kateqoriyasında Emil Abbasov ("AE Cycling School") 3 yarış gününün yekununda ən yaxşı nəticə göstərib. İsmayıl Xankişiyev və Mirəli Miryəhyayev (hər ikisi ROEQIUGVM) isə ilk "üçlüy"ü tamamlayıblar.


Fərqlənən velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.