"Sabah"ın Norveç sınağı - qeyd
- 11:02
- 46
ÇL günüdür.
Azərbaycan çempionu "Sabah", paytaxtımızdan 4 863 km uzaqda Norveç çempionunun qonağı olacaq.
Çətin səfərdir. Oyun da ağır, yorucu keçəcək.
Kim qalib gələcək?
Kim dözsə, o. Bu oyunda güc hər şeyi həll edəcək.
"Vikinq" hücum komandasıdır. 4-3-3 taktiki düzülüşü, yüksək pressinq, kimliyindən asılı olmayaraq topu rəqibin sahəsində almağa çalışaraq aqressiv və intensiv futbola üstünlük verirlər. İlk dəqiqələrdən irəli gedir, erkən qol vuraraq hesabda komfort üstünlük yaratmağa, sonrasında çox təhlükəli olduqları əks-hücumlarda işi bitirməyə çalışırlar. Bu əks-hücumlar zamanı topu özlərində saxlamırlar, onu uzun ötürmə ilə ani şəkildə ön xəttə göndərirlər.
Cinah müdafiəçiləri daima hücumda iştirak edir, məhsuldarlıqları seçilirlər. Müdafiənin mərkəzi və dayaqdakılar isə əvvəl qeyd etdiyimiz uzun ötürmələrdən istifadə edib topu öz qapılarından uzaqda saxlayırlar. Bu komanda kollektiv hücum oyununu təbliğ edir, müasir futbolun tələblərinə cavab verməyə çalışır.
Bu hücum maşının təbii zəif nöqtələri də var. Orta xəttlə müdafiə arasında boşluqlar çox olur, xüsusilə dəqiq ara ötürmələrinin qarşısını almaqda çətinlik çəkirlər. Cinah müdafiəçilərinin hücuma aludə olması isə rəqib üçün o mövqelərdə geniş manevr imkanları yaradır. Bu üslub "Sabah"a tam uyğun gəlir. "Slaviya" ilə matçdakı oyun ideyamız bu qarşılaşma üçün də ideal sayıla bilər. "Vikinq" möhkəm komandadır, evdə oynayacaq, favorit olduğunu, gücünü göstərməyə çalışacaq, bizi təzyiq altında saxlayacaq. Amma "bayquşlar" da bura qədər boşuna gəlməyiblər. Valdas Dambrauskasın yetirmələri bu tip sınaqlara artıq öyrəncəlidirlər. Klassik səslənəcək, amma sadəcə çıxıb öz oyununu oynamaq lazımdır.
Bir də dözmək. Oyunun ssenarisinin necə olacağını təxmin etmək çətindir. Ancaq hesab necə olursa-olsun, konsentrasiya itməməlidir. Bu, çox vacib məqamdır.
Meydança və hava da bizə çox mane olmayacaq. "Vikinq"lə səfərdə oynamaq üçün ən yaxşı vaxt indidir. Bu qarşılaşma 1 ay sonra baş tutsaydı, təmsilçimiz şaxtalı, çox soyuq havaya rast gələ bilərdi. Süni örtük də maneə deyil, çünki daxili çempionatımızda belə meydançalar yetərincədir.
Komanda dəstəksiz də qalmayacaq. Azı 300 nəfərlik səfər tribunamız olacaq, başçılığı da "Milli Dəstə" edəcək.
"Sabah"a uğurlar arzulayaq. Qələbə üçün zəmin var, şans var, az da deyil. İnanmaq lazımdır.