Monako Knyazlığında Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclası keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov toplantıda çıxış edib.


İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Markes Mota çıxış ediblər.


Tədbir çərçivəsində "Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman" mövzusu ətrafında müzakirələr aparılıb. Uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunulub.


Səfər çərçivəsində F.Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüşüb. Görüşdə antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.