Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.

Rekord.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Musa Verdiyev startda Moldova güləşçisinə heç bir şans tanımayıb. Musa yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb.

Sübhan Səfərli ilk görüşdə yerli güləşçini vaxtından əvvəl xalçadan məyus yola salıb. Həmyerlimiz makedoniyalı rəqibini də tam üstünlüklə sıradan çıxarıb. Ancaq yarımfinalda erməni həmkarıyla bacarmayıb.

Ümid Məmmədov Avropa çempionatına Polşa idmançısı üzərində inamlı qələbəylə start verib. 1/8 finalda Gürcüstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesabdakı üstünlüyü əldən verən Məmmədov qarşılaşmanı məğlub başa vurub.

Səttərxan Allahverdili ilk mərhələdə Belarus güləşçisinə qalib gəlib. Həmyerlimiz daha sonra bolqar həmkarını yenib. Rusiya pəhləvanıyla gərgin keçən mübarizədə də sevinən tərəf olan Səttərxan adını yarımfinala yazdırıb. Alahverdili finalın bir addımlığında Gürcüstan güləşçisinə məğlub olub.

Azay İsmayılov debütdə belaruslu rəqibini sonuncu xal prinsipinə əsasən üstələyib. Ancaq daha sonra Fransa güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün İsmayılov təsəlliverici görüşdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar iyunun 15-də keçiriləcək.

48 kq
1/4 final: Musa Verdiyev – Viktor Andrian (Moldova) 10:0
1/2 final: Musa Verdiyev - Vitali Qonçar (Ukrayna) 10:0
Final: Musa Verdiyev - Amal Candubayev (Rusiya)

55 kq
1/8 final: Sübhan Səfərli – Umut Sabriyev (Bolqarıstan) 11:0
1/4 final: Sübhan Səfərli - Aron Nikolov (Makedoniya) 10:0
1/2 final: Sübhan Səfərli - Andranik Avetisyan (Ermənistan) 5:12
Bürünc medal görüşü: Sübhan Səfərli - Benjamin Boeyte (Rumıniya) / Anzor Məcidov (Rusiya)

65 kq
Təsnifat: Ümid Məmmədov – Bartlomey Novakovski (Polşa) 10:0
1/8 final: Ümid Məmmədov - Giorgi Qoqritçiani (Gürcüstan) 4:5

80 kq
Təsnifat: Səttərxan Allahverdili – Artyom Belavusov (Belarus) 2:0
1/8 final: Səttərxan Allahverdili - Radomir Stoyanov (Bolqarıstan) 5:1
1/4 final: Səttərxan Allahverdili - Ruslan Yurşin (Rusiya) 5:4
1/2 final: Səttərxan Allahverdili - Tornike Samxaradze (Gürcüstan) 0:6
Bürünc medal görüşü: Səttərxan Allahverdili - Narek Qriqoryan (Ermənistan) / Eduan Koetze (Fransa)

110 kq
Təsnifat: Azay İsmayılov – Stepan Mandrik (Belarus) *2:2
1/4 final: Azay İsmayılov - Levan Laqvilava (Fransa) 0:10
Təsəlliverici görüş: Azay İsmayılov - Ralfs Lukins (Latviya)