“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Moldovanın “Petrokub” komandasına qarşı keçirəcəkləri sabahkı oyunla bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:


“Bizi çox maraqlı oyun gözləyir. Rəqibin necə oynadığını təhlil etmişik, son oyunlarını izləmişik. Çox maraqlı komandadır, daha çox müdafiəyə meylli oynayırlar. Oyunçular çox kompaktdır, meydanda nə edəcəklərini bilirlər. Məncə, evdə və səfərdə bir qədər fərqli oyun sərgiləyirlər. Evdə daha çox pressinq edirlər, meydanın hər yerində rəqiblə birə-bir oynamağa çalışırlar. Səfərdə isə taktiki yanaşmaları bir az fərqlidir. Avrokuboklarda favorit olmur, burada həmişə bütün gücünlə mübarizə aparmalısan, hər an oyunun taleyini həll edə bilər.


Əlbəttə, biz bura sadəcə oynamağa gəlməmişik. Məncə, “Sabah” artıq elə bir səviyyəyə çatmalıdır ki, harada oynamasından asılı olmayaraq hər oyuna qalibiyyət üçün çıxsın. Biz də bunu etməyə çalışacağıq.


“Çelye” ilə keçirdiyimiz iki oyun bizə oyunumuzu anlamaq, səhvlərimizi dərk etmək və nələri düzəltməli olduğumuzu görmək baxımından çox şey qazandırdı. Avropa futbolunda həmişə olduğu kimi, nəticəni xırda detallar həll edir. Meydana çıxırsan və döyüşürsən, amma sonda kiçik məqamlar, köklənmə oyunun taleyini müəyyən edir. Ümid edirəm ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”.