Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün “Nəticələrin emalında xüsusi aspektlər” mövzusunda birgə təlim keçirilib.


Rekord.az agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim Polşa Antidopinq Agentliyinin (POLADA) direktoru, Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutub.


Tədbirin əsas məqsədi komitə üzvlərinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) beynəlxalq standartlarının tələbələrinə uyğun olaraq nəticələrin emalı prosesində peşəkar və praktiki biliklərinin artırılması, qərarların qəbulunda prosessual qaydaların düzgün tətbiqi, antidopinq qayda pozuntularına dair icraatlarda ədalətli və şəffaf yanaşmanın təmin edilməsidir.


Təlim çərçivəsində iştirakçılar antidopinq qayda pozuntuları üzrə icraat çərçivəsində tətbiq edilməli olan prosessual qaydalar, praktikda tez-tez yol verilən pozuntular, xüsusilə məkan məlumatı pozuntuları, saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd, kontaminasiya halları, məsuliyyəti ağırlaşdıran hallar, idmançının təqsirinin olmadığı və ya təqsirin az əhəmiyyətli olduğu hallar kimi mühüm mövzuları əhatə edən praktiki biliklər əldə ediblər. Sessiyalar zamanı İdman Arbitraj Məhkəməsinin (CAS) presedent qərarlarına istinad olunmaqla beynəlxalq təcrübəyə əsaslanan hüquqi yanaşmalar geniş şəkildə izah edilib. Həmçinin Ümumdünya Antidopinq Məcəlləsinə və beynəlxalq standartlara WADA tərəfindən təklif edilən və bu ilin sonunda qəbul edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər barədə də iştirakçılara məlumat verilib.


Məruzəçilər Polşa antidopinq sistemində tətbiq edilən yanaşmaları və real iş təcrübələrini təqdim ediblər. Sessiyalar interaktiv təqdimatlar, canlı müzakirələr və real kazusların təhlili əsasında təşkil olunub.


Təlimin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar real hadisələr üzərində praktiki müzakirələr aparmaqla əldə etdikləri bilikləri möhkəmləndiriblər.