Premyer Liqanın 8-ci turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" - "Qəbələ" matçı bir neçə insidentlə yadda qalıb.

Rekord.az xəbər verir ki, bu baxımdan oyunun AFFA nümayəndəsi Elman Musayev diqqət mərkəzində olub.

Sabiq referi öncə oyunun fasiləsində polislərlə insident yaşayıb. Belə ki, onun meydançaya çıxış hissədə artıq adamların olması ilə bağlı iradı polislərə xoş gəlməyib. Hətta asayiş keşikçiləri  AFFA nümayəndəsinə bildirib ki, onun polislərlə bu cür danışmaq, onlara bu formada irad bildirmək kimi səlahiyyəti yoxdur. Lakin gərginlik uzun sürməyib və "Kəpəz" rəsmlərinin müdaxiləsi ilə ara sakitləşib. Oyundan sonra məsələ ilə bağlı münasibət öyrənmək üçün yaxınlaşdığımız Musayev polislərin işindən razı qaldığını, aralarında hər hansı ciddi problemin olmadığını bildirdi. 

Daha bir insident isə oyunun sonlarında yaşandı. Belə ki, Musayev bu dəfə meydançaya daxil olan və boynundan vəsiqə asmış şəxsi kənara çıxarması ilə diqqət çəkdi. Hansı ki, həmin şəxs "Qəbələ"nin ehtiyat oyunçular skamyasının yaxınlığında qərarlaşmışdı. AFFA nümayəndəsi bizimlə söhbətində həmin şəxsin azarkeşlərlə iş üzrə əlaqələndirici şəxs olduğunu və bu cür şəxslərin isə stadiona daxil olmaq üçün icazələrinin olmadığınə bildirdi.