Cəlil Cəlilov komandasının ÇL-dəki qələbəsini şərh edib
- 10:49
- 49
Voleybolçu kişilərdən ibarət "Xilasedici" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib. "Rekord.az" xəbər verir ki, Bakı klubu 2-ci təsnifat mərhələsində Portuqaliyanın “Sporting CP Lisboa" kollektivini iki oyun və qızıl setin nəticəsinə əsasən üstələyib.
"Xilasedici"nin baş məşqçi Cəlil Cəlilov komandasının növbəti mərhələyə yüksəlməsi ilə bağlı fikirlərini bölüşüb:
"Çox gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda komandamız 3:2 hesabı ilə qalib gəldi. Qızıl setdə isə 15:13 hesabı ilə üstünlük qazanaraq CEV Çempionlar Liqasında 3-cü mərhələyə yüksəldi. Bu, Azərbaycan kişi voleybolu tarixində bir ilkdir. Rəqibimiz Portuqaliyanın “Sporting CP Lisboa” komandası idi. Rəqibin gücü və oyunçularının səviyyəsi hər kəsə bəlli idi. Buna baxmayaraq, voleybolçularımız sona qədər mübarizə apardılar və öz potensiallarını ortaya qoydular. Onları bu uğur münasibətilə ürəkdən təbrik edirəm. Görülən düzgün işin və çəkilən zəhmətin nəticəsini meydanda gördük.
Bu qələbə münasibətilə Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, şəxsən cənab nazir Kəmaləddin Heydərova göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, klubumuzun prezidenti Cəbrayıl Xanlarovu doğum günü münasibətilə təbrik edirəm. Komandamızın bu qələbəsi onun üçün ən gözəl ad günü hədiyyəsi oldu.Bu uğur kollektivimizin birliyinin, qarşılıqlı inamının və zəhmətinin nəticəsidir. Klubun bütün əməkdaşlarına və daim bizə dəstək olan azarkeşlərə, hər kəsə təşəkkür edirəm. Qarşımızda yeni hədəflər var və onlara çatmaq üçün eyni əzmlə çalışmağa davam edəcəyik".