AFFA DÇ-nin final matçını ölkəmizdə təşkil etmək istəyir
- 14:30
- 32
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışı gələcək üçün komandaya fayda verəcək.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O, U-20-nin heyətində Şahin İbrahimov və Əli Bəşirovun zədə səbəbindən toplanışdan kənarda qaldığını xatırladıb:
"Növbəti hazırlıq prosesi mayın sonundan iyunun əvvəlinədək planlaşdırılır. Qəbələdəki toplanış iki həftə çəkəcək. Bu dəfə baş məşqçi Ruy Jorjenin istəyi ilə yoxlama oyunları olmadı. İkinci təlim-məşq toplanışında yoxlama matçı planlaşdırılır. Lakin hələlik komanda ilə bağlı qərar verilməyib".
Qurum rəsmisi dünya çempionatına hazırlıqlarla bağlı müəyyən dövlət qurumları ilə əlaqədə olduqlarını vurğulayıb:
"FIFA bu prosesə birbaşa rəhbərlik edir. Özbəkistanla birlikdə yarışa ev sahibliyi edəcəyik. Həmkarlarımızla sıx əlaqədəyik. Detallı məlumatlar hələlik yoxdur. Yaxın günlərdə açılış, bağlanış matçları, püşkatma ilə bağlı məlumatlar veriləcək".
AFFA 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır. Sərxan Hacıyev bu məsələ ilə bağlı Özbəkistan tərəfi ilə danışıqlar getdiyini vurğulayıb:
"AFFA olaraq final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq. Özbəkistanlı həmkarlarla danışıqlar davam edir".
Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.