22-ci tura baxış
- 17:04
- 41
Premyer Liqada 22-ci tur geridə qaldı. Öyrəndik ki...
- Son 8 mövsümün azarkeş rekordu qırıldı. Mərkəzi stadionda, mərkəzi komandaların mərkəzi qarşılaşmasını tribunadan 10 361 nəfər izlədi. Davamı gəlsin, davamlı olsun. Deməli, istəyəndə olurmuş. Necə deyərlər, "cibobombes, qaqa".
- "Turan" isə yenə klassik Berdıyevsayağı matçlardan birini oynadı. Üstün tərəf yenə də tovuzlular idi və matçda qol olsaydı, onu mütləq ki onlar vuracaqdılar. Amma olmadı. "Zirə" və "Qəbələ" üzərindəki gözəl qələbələrdən sonra yenidən 0:0-a dönmək də ayrı bir dərddir. Və yeni bir şey deyil. Liderlər qrupuna yaxınlaşmaq, əsas izləyicilərindən uzaqlaşmaq şansı əldən verildi.
- "Neftçi" isə hakim səhvinə görə qələbədən oldu. Bunun qərəz və ya bilərəkdən edildiyini iddia etmirəm. Amma fakt odur ki, Vernidubun rəhbərliyi altında yaxşı sürət yığan və dibdən zirvəyə doğru addımlayan komanda 2 xalından oldu.
- "Sumqayıt"ın müdafiəsi hazır "proxodnoy dvor"dur. Hücumu yaxşı, müdafiəsi boş. Mərdəkan təmsilçisi "Araz" da elədir. İkisi də liqanın ən çox qol vuran, eyni zamanda ən çox qol buraxan komandalarıdırlar. Sanki ikisi də mırta oynayırlar, çempionatı yola verirlər.
- "Kəpəz"in toparlanması prosesi çətin, amma yaxşı gedir. Komanda son pillədən yetərincə uzaqlaşıb. Bu barədə təhlükə görünmür və deyərdim ki, minimum hədəfin öhdəsindən gəlinib. 11-ci pillə məsələsi isə hələ də var və bu həlli heç də asan olmayacaq. Bundan sonrakı hər xal qızıl dəyərindədir.
- 2-ci dövrə başa çatdı. Yaxşı gedən çempionat finiş düzlüyünə çıxmaq üçün son döngəyə girir. Nə çempion bəllidir, nə avrokuboka gedənlər, nə də digər suallara aydınlıq gəlib, rahatlıqla proqnoz vermək olmur. Çox maraqlı olacaq.
- Sabah od çərşənbəsidir. Hamımızı təbrik edirəm. Dünyanın iki ən böyük döyüş səhnələri hazırda biri şimal, biri də cənub qonşumuzda, ifalarında yaşanır. Belə durumda olan ikinci ölkə yoxdur planetdə. Ətrafımızı od-alov bürüyüb. Bu çətin dövrləri xətasız-bəlasız keçirməyimizi, ağırlığımızın-uğurluğumuzun odda yanmağını arzulayıram. Özünüzdən muğayat olun. Bayramınız mübarək!