Premyer Liqada 20-ci tur geridə qaldı. Öyrəndik ki...


- Qubadakı stadionun da, "İmişli"nin də sahibi PFL imiş. Danışılanlardan, deyilənlərdən belə çıxır da. Elə fikir formalaşdırılıb ki, sanki meydançaları da PFL sulamalı, belləməlidir. Bu gedişlə Allahın işinə qarışıb pleysteyşndakı kimi oyunun havasını da öncədən təyin etmə bacarıqlarına malik olmalarını istəyəcəyik onlardan. Bu gün duman olsun, yağış yağmasın və s. Lütfən, cənablar, bir az yavaş. Ölkənin nəinki futbolunda, ümumi idmanında düz işləyən cəmi bir qurum var, onun da təkərinə hər imkanda çomaq soxmayaq. Lütfən.


- ümumilikdə gözlənilən nəticələrin qeydə alındığı, çox da maraqlı olmayan bir həftəsonu oldu. Çempionatın ekvatoru təzə keçilib, yaza doğru irəliləyirik, finiş düzlüyünün astanası yaxındadır. Ona görə komandalar çox diqqətli olmağa və nəticəni düşünməyə başlayıblar.


- Qurban Qurbanov Nərimana verdiyi şansı oğluna versəydi, indi komandası xeyli daha çox xalı aktivinə yazdırmışdı. Qubdakı matçın birinci hissəsində həmkarlarıma "belə rəqibləri yenmək üçün Musa çıxmalıdır meydana" dedim. Duran sürəti və pressinqdəki çevikliyi öz yerindədir, ancaq sırf mərkəz hücumçusu kimi Qurbanlı bir addım öndədir. 


- "Sabah"da da Xəyal Əliyev seriyası başlayıb. Dambrauskas ona hücumun sivri ucunda şans verəndən gənc futbolçunun əli-ayağı açılıb. Nə Şafranko yada düşür, nə Mikels, nə də təzə gələn qabonlu. Bu gedişlə Xəyalı start heyətindən kiminsə sıxışdırması çətin olacaq. Valdas müəllim yenə kadrlardan doğru istifadə bacarığını ortaya qoya bilir.


- "Turan"ın oyunu haqda danışmayaq, çünki oyun yox idi. Tovuz təmsilçisinin ifasında belə məzmunsuz matçlara yenə də şahidlik edəcəyik. Berdıyevin rəhbərlik etdiyi komandalarda bu cür ssenarilərə hazır olmaq lazımdır. Hələ heç nə itirilməyib, kollektiv avrokubok zonasındadır və hələ də 3-cü pilləyə ən real namizəddir. Amma Kurban Bekiyeviç kepkasını qabağına qoyub düşünməlidir. Növbəti xal itkiləri bağışlanmaz olacaq.


- Saşa İliç öz yetirmələriylə ciddi danışmalıdır. Son 2 həftədə məşqlərini izləmiş biri kimi deyə bilərəm ki, təlimdə öyrədilənlər matçlarda öz əksini tapmır. Mərdəkan təmsilçisi ilə qarşılaşmada xüsusilə cinahlardan hücumlar zamanı oynanılması gərəkəni edə bilmədilər. Mənə o qədər məşq keçib uşağa başa salırmış kimi başa salsaydılar, 2 qol aktivimdə hazır idi. Sakit başa düşmürlərsə, sərt danışıb "başa salmaq" lazımdır. Yoxsa xal itkiləri hələ çox davam edəcək.


- "Neftçi"nin növbəti, inamlı qələbəsi avrokubok zonasındakı işləri daha da qarışdırdı. Ağ-qaraların qayıdışını izləmək xoşdur. "Kəpəz"lə matçda həm baxımlı, həm də məhsuldar oynayan bakılılar, Yuri Vernidubun rəhbərliyi altında uğurlu seriyanı davam etdirdilər. Sambu əməlli-başlı bombardirdir, Mahmudov yenə özünə gəlib, heyətdə heç kim həvəssiz deyil, komanda ruhu hiss olunur.


- havalar istiləşir. Artıq 15-18 dərəcələr normaya çevrilməkdədir. Yəqin ki qar görmək ehtimalımız getdi. Heyf...


- "Nyukasl" gəlir. Duraq, hazırlaşaq.