Rekord.az Peşəkar Futbol Liqasının ən stajlı operatorlarından olan Pərviz Zeynalovun müsahibəsini təqdim edir:

 

 

- Artıq neçə ildi PFL-də çalışırsan?
- 12 ildi operator kimi PFL-də işləyirəm.

- Ötən həftə birinci divizionun iki oyununu çəkmisən. İki gündə həm Tovuzda oldun, həm də Zaqatalaya baş çəkdin. Çətin olmadı?
- Kilometrlə hesablasaq, iki günə 1350 km yol getmişəm. Təbii ki, çətindi, ancaq bu bizim işimizdi. İşimi çox sevdiyimdən hər çətinliyi dəf etməyi bacarıram. Siz jurnalistlər də bilirsiz ki, qışda nə qədər isti geyinsən də, 90 dəqiqə soyuq səni tutur. Əvvəllər televiziyada canlı yayın olmadığından məcburən bütün epizodları çəkməliydik ki, sabah hansısa mübahisəli vəziyyətdə həqiqəti ortaya çıxaran kadrlar olsun. Ofsayd, penalti, cərimə zərbələri – hamısı bölünürdü. Yadıma gəlir, ölkə kubokunun finalı idi. Matç “Tofiq Bəhramov”da keçirilirdi. Həmin vaxt bizdə dron yox idi. Dedilər ki, kim stadionun üstünə çıxa bilər? Gördüm heç kimdən səs çıxmır, özümü qabağa verdim və deyilən yerə çıxa biləcəyimi bildirdim. Və elə də etdim, stadionun üstünə çıxıb açılış mərasimini quş uçuşundan çəkməyə başladım. Hətta həmin vaxt kameram canlı olaraq Az.TV-yə qoşulmuşdu.

- Operatorluğu seçməyinin səbəbini bizimlə bölüşməyini istərdik.
- 1986-cı ildə atam babamızın qəbrini ziyarət etmək üçün Almaniyaya getmişdi. Geri dönəndə kamera alıb gətirmişdi. Yavaş-yavaş ondan istifadə etməyi öyrəndik, sonra müxtəlif kurslara, çəkilişlərə getdik. Mənimlə yanaşı, qardaşım da bu peşəni seçdi. Bu işi görmək üçün ilk növbədə insandan dəqiqlik tələb olunur. Ortaya keyfiyyətli iş çıxarmaq üçün “dördgöz” olmalısan.

- İlk dəfə hansı oyundan çəkiliş aparmısan?
- 12 il öncə oyunlar üst-üstə düşdüyündən operatorlar çatmırdı. Mənə dəvət gəldi. Onda prodakşnda çalışırdım. İlk oyunum Qəbələdə olub. Yerli komanda “Bakı”nı qəbul edirdi.

- Bəzən deyirlər, PFL-in operatorları azarkeşlərin, mütəxəssislərin görmədiyi epizodları “tuturlar”. Elə olub ki, sənin çəkdiyin kadr hansısa komandanın, futbolçunun və ya hakimin taleyinə müəyyən mənada təsir göstərsin?
- Elə ilk oyunumu yada sala bilərəm. Baş hakim Elçin Məmmədov idi və onun penalti qərarı çox müzakirə olundu. Qapısına 11 metrə təyin olunan komanda narazılıq edirdi, deyirdi, Məmmədov orda səhvə yol verib, penalti olmaya-olmaya “nöqtə”ni göstərib. Sonradan çəkilişə baxdılar və gördülər ki, hakim düzgün qərar qəbul edib. Həmin epizodda cərimə meydançasının daxilində müdafiəçi rəqib oyunçuya qarşı kobud oynamışdı. Elə həmin oyundan sonra operator kimi PFL-də çalışmağa başladım.

- Aslan Şahgəldiyev sosial şəbəkədə bir dəfə belə şərh yazmışdı: “Bir gündə 2 oyunu ardıcıl verəndə ən çox fiziki əziyyət çəkən operator olur. “1 oyun verək, bəsdi” deyirəm, operator razılaşmır, qayıdır ki, “yox, iki oyun verək, mənə xoşdu”. Adını çəkməsə də, söhbətin səndən getdiyini bilirəm. İşini belə çox sevməyinin səbəbi nədi?
- Aslan müəllim həmin açıqlamanı Antalyadakı təlim-məşq toplanışında vermişdi. Həmin vaxt biz bir gündə iki canlı yayın təşkil edirdik. Səhər saat 10-da oteldən çıxır, bir də axşam 7-8-də qayırdırdıq. Stadionlar arasında məsafə uzaq olduğundan çox vaxt elə bizi aparan maşında da nahar edirdik. İşimiz elədi ki, oyundan bir-iki saat əvvəl stadionda olmalıyıq. Aslan müəllim deyirdi ki, yorulacaqsız, belə davam edə bilməz. Ancaq bizim komandaların xarici klublarla yoxlama görüşləri o qədər maraqlı olurdu ki, çəkiliş aparmaq xoşuma gəlirdi. Hətta toplanışda olan hakimlərimizin də xarici komçandaların oyununu idarə etməsi mənə ləzzət etdiyindən, onların iştirakı ilə keçirlən qarşılaşmalardan da çəkiliş edirdim. Həmin vaxt Şahgəldiyevə “icazə verin, oyunlardan canlı yayın təşkil edək, bizə görə narahat olmayın” demişdim.

- Sənin üçün Azərbaycanda çəkiliş aparmaq baxımından ən narahat stadion hansıdı?
- Əvvəllər çəkiliş aparmaq üçün stadionlarda çox çətinliklərlə üzləşirdik. Yerimiz darısqal olurdu və ya azarkeşlərin arasında dayanmağa məcbur olurduq. Yeri gəlmişkən, başıma gələn bir hadisəni sizə danışım. “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edirdi. Bu iki komanda arasında keçirilən oyunların necə maraq kəsb etdiyini söyləməyə ehtiyac yoxdu. Tribunalarda iynə atsan, yerə düşməz. Mən də çılğın fanatların olduğu yerdən çəkirdim. Bir də onda ayıldım ki, məni stəkanda satılan dovğa atəşinə tutublar. AFFA nümayəndəsi vəziyyətin pis olduğunu görüb oyunu saxlatdırdı və yanımda polislərin dayanmasını tələb etdi. Ondan sonra matç davam etdirildi. Çətin olsa da, bu iş qazanc mənbəyimdi, ailəmi burda işləməklə dolandırıram. Ümumiyyətlə, mənə elə gəlir, başqa səhədə çalışsaydım belə, işimi sevərək görərdim. Fikrimcə, insan elə işləməlidi ki, aldığı məvacib onun halalı olsun. İndi hansı arenada çəkiliş aparamaq çətindi? Məncə, Sumqayıtdakı “Dalğa Arena”da. Stadion dəniz kənarında olduğundan xüsusilə də qışda orda çox soyuq olur.

- PFL prezidenti Ramin Musayev, departament rəhbəriniz Aslan Şahgəldiyev ilə işləmək asandı, yoxsa çətin? Hansı daha çox tələbkardı?
- Hər bir işdə çətin, asan heç nə yoxdu. Səndən tələb olunanı yerinə yetirə bilmirsənsə, o kollektivdə çalışma, kiminsə, işi bilən başqa birinin yerini tutma. Ramin müəllimlə işləmək heç də çətin deyil. Səndən tələb olunanı yerinə yetir, qarşında heç bir maneə görməyəcəksən. Musayev kollektivə münasibətdə çox həssasdı. Tutaq ki, bizlərdən kimsə dəhlizdə dilxor gəzir və ya kənara çəkilib nə isə haqda düşünür. Ramin müəllim kamerada bunu gördüsə, dərhal həmin əməkdaşı otağına çağırıb problemi ilə maraqlanır. O həmişə bizə deyir ki, nə çətinliyiniz varsa, gizlətməyin, mənə deyin. İmkan daxilində sizə kömək edəcəm. Bütün operatorlara qarşı çox diqqətlidi. Fürsətdən istifadə Ramin müəllimə kollektivə belə isti münasibət göstərdiyinə görə təşəkkür edirəm. Gördüyümüz hər işdən gül iyi gələndə “çox sağ ol” deməyi unutmur. Aslan müəllimə gəlincə, o bizim departament rəhbəridi. Açığı, mən tərif yox, olanı demək istəyirəm. O bizə rəis yox, qardaş münasibəti göstərir. İşlə bağlı hansısa çətinliyimiz olarsa, çəkinmədən ona yaxınlaşıb sözümüzü deyə bilirik. Aslan müəllim çox anlayışlı, hər şeyi başa düşən rəisdi.

- Dədə-baba yurdun Füzuli işğaldan azad olundu. O yerlərə dönüşü necə təsəvvür edirsən?
- Çox şükür, bu günü gördük. Cəmi şəhdlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Vətən uğurunda döyüşmüş bütün qardaşlarımıza cansağlığı arzulayıram. Torpaqlar geri qayıtdığına görə xalqımız sevinir, ancaq biz qarabağlılar daha çox sevinirik ki, bu da başadüşüləndi. Doğulduğum Füzuli rayonunun Qazaxlar kəndi 1992-ci ildə 3 ay işğal altında olsa da, sonradan geri alındı. Dədə-baba evimiz yerində idi. Anam, qardaşım hazırda orda yaşayır. Biz həmişə ora ilə əlaqə saxlamışıq. Geridönüşə gəlincə, inşallah, Hadrutda evlə təmin olunsam, böyük məmnuniyyətlə ora yollanaram. Bu, qəlbimdən gələn istəkdi. 44 yaşım olur, çox istərdim ki, həyatımın qalan hissəsini məhz orda keçirim, yaşayım və işləyim. Yəqin “böyük qayıdış” planı reallaşandan sonra orda da futbol klubları olacaq və mən də onların birində işləyərəm (Futbol+).