“Formula 1” yarışlarının keçirilməsi ilə bağlı böyük təcrübə toplamışıq”
- 17:40
- 20
“Ötən illər ərzində Bakıda "Formula 1" yarışlarının keçirilməsi ilə bağlı böyük təcrübə toplamışıq”.
Rekord.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddətini 12 aydan təxminən 4 aya endiriblər:
"Eyni zamanda, yarışdan sonra şəhərin gündəlik həyatının mümkün qədər tez bərpa olunması bizim üçün vacibdir. 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatdıqdan cəmi 12 saat sonra aradan qaldırılıb".
M.Fərzullayev şəhərin gündəlik həyatına təsiri nəzərə alaraq, 2023-cü ildən etibarən Qran-pri həftəsində sakinlərin və sürücülərin rahatlığını təmin etmək üçün tranzit dəhlizləri təşkil olunduğunu xatırladıb:
"Bu dəhlizlər vasitəsilə bəzi yollar səhər və axşam müəyyən saatlarda nəqliyyatın hərəkətinə açılır. 2026-cı ildə belə dəhlizlərin sayı altıya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində isə əlavə tranzit dəhlizi təşkil olunacaq. Qran-priyə marağın artması ilə tamaşaçı tutumunu da genişləndirmişik. Son üç ildə dörd yeni tribuna inşa etmişik və bununla tamaşaçı yerlərinin sayını 6 mindən çox artırmışıq. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür. Bu da Azərbaycandan və xaricdən daha çox azarkeşi qəbul etməyə imkan verir".
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.