Arzular mövsümünə "Arzuların teatrı"nda start
- 09:23
- 24
Ser Aleks Ferqyuson...
Corc Best....
Erik Kantona...
Devid Bekhem...
Ole Qunnar Solksyaer, Peter Şmeyhell, Nevill qardaşları, Roy Kin, Pol Skoulz, Rayan Giqqz...
Kriştiano Ronaldo...
Rio Ferdinand, Nemanya Vidiç...
Ser Bobbi Çarlton...
Bitmir siyahı. Dahilərin, ulduzların, böyük oyunçuların, fövqəlfutbolçuların toplusu olan nəhəng, fantastik, əfsanəvi "Manchester United"... Futbolun qızıl dövrünün simvollarından biri olan klub. Futbolun nostalgiyası, dünəni...
Və bu günün "Sabah"ı.
Arzuların teatrı "Old Trafford"da bu gün bu komandalar üz-üzə gələcək. Bir Azərbaycan komandası Britaniya nəhənginin qonağı olacaq və biz bundan inanılmaz zövq alacağıq.
Afişaya baxın:
"Mançester Yunayted" (Mançester, İngiltərə) - "Sabah" (Masazır, Azərbaycan).
Şeir kimidir.
Hərə ev sahibinin bir kəsidir,
Şadlıq olsun, kişinin məclisidir.
Yenə Vahid...
* * *
Tarix öz yerində, bugünkü matçın öz reallıqları var. "Sabah" debütantdır, bura qədər gəlməsi belə tarixi nəticədir. Yəni kimsə təmsilçimizdən bu səfərdən qələbə tələb edə bilməz. İstəyə, təmənna edə bilərik, amma tələb yox. Tələbimiz döyüşmək, hesabdan, nəticədən asılı olmayaraq sona qədər mübarizə aparmaq, ölkəmizi layiqli təmsil etməkdir. Bunun ardınca qol, xal da gəlsə, nə xoş bizə.
Bir şey də dəqiqdir ki, bu günün MY-si öz tarixinin çox gerisində, çox kölgəsindədir. İş o yerə çatıb ki, azarkeşləri komandanın ÇL-də oynamasını xoş hadisə kimi qarşılayırlar. Mankunianlar vaxtilə norma olan yarımfinalı xəyal belə edə bilmirlər.
Maykl Kerrikin komandasında problemlər var. Müdafiə xətti zəifdir, xüsusilə cinahlarda aşkar boşluqlar nəzərə çarpır. Sol cinahda Şou həm yaşlıdır, həm də rəqabətədavamlı deyil, mərkəzdə Martines-Maquayr cütlüyündən özününkülər daha çox çəkinir, nəinki rəqiblər. Sağda Dalot da superistedad sayıla bilməz. Bir sözlə, müdafiə güclü deyil.
Amma kimin üçün? İngiltərə Premyer Liqası üçün belədir. Bəs Azərbaycan Premyer Liqasının qalibi üçün?
Bizim üçün, bizim çempion üçün güclüdür. Bizim üçün onların hamısı yaxşı oyunçulardırlar, etibarlı və təhlükəlidirlər.
Orta və hücum xəttində də əla oyunçular yer alırlar. Tilemans, Bruno Fernandeş, Reşford, Kunya...
Şübhəm yoxdur ki, "Sabah" bu matçda qol vuracaq, amma rəqib nə qədər qol vuracaq, əsas sual budur.
Heç bir taktiki analizə, rəqibi öyrənməyə, səhv və düzlərini çox yazmağa ehtiyac yoxdur. Hər həftə izlədiyimiz MY-dir, hamının bildiyi, gördüyü şeylər var. Yeni bir möcüzə icad eləmək də gərəkli deyil. "Sabah" sadəcə öz futbolunu oynamalı, həyəcanını boğmalı, tarixi arenanın sehrindən mümkün qədər tez ayılmalı və sona qədər döyüşməlidir. Başqa heç nə. Taktika da, tapşırıq da, hədəf də budur.
Bu matç futboldan zövq alma matçıdır. Məşqçiliyi məhz "Mançester Yunayted"də öyrənməyə başlayan və indi bura rəqib baş məşqçi kimi gələn Valdas Dambrauskas üçün, uşaqlıqdan bu komandaya azarkeşlik edən Coy-Lens Mikels üçün, ümumiyyətlə bu stadionda meydana çıxmağı xəyal belə etməyən digər oyunçular üçün gözəl bir gecə olacaq. Komanda meydanda, biz isə ekran qarşısında gördüklərimizdən böyük məmnunluq duyacağıq.
Əla hisslərdir.
İrəli "Sabah"!
Sənə inanırıq!
Sonda xoş ənənəmiz olaraq sizə idman tarixinin ən əzəmətli musiqisi - Çempionlar Liqası Himninin bizim dildə (orijinalı 3 - alman, fransız və ingilis dillərindədi) tərcüməmi təqdim edirəm. Sadə, amma güclü mətndir. Qarşıdakı aylarda Bakıda azı 4 dəfə bu musiqini eşidəcək, böyük futbol təntənəsinin bir parçası olacağıq.
Onlar ən yaxşılardır
Onlar ən yaxşılardır
Ən böyük mərasim üçün!
Ustalar
Ən yaxşılar
Ən böyük komandalar
Çempionlar!
Böyük toplantı
Böyük idman mərasimi
Ən böyük mərasim!
Onlar ən yaxşılardır
Onlar ən yaxşılardır
Onlar çempionlardır!
Ustalar
Ən yaxşılar
Ən böyük komandalar
Çempionlar!
Ustalar
Ən yaxşılar
ÇEMPİONLAR