Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurdular
- 00:08
- 30
Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.
Rekord.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.
18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.
8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O, Avropa çempionatının bürünc medalçısı olub.
Beləliklə, Azərbaycan şahmatçıları Avropa çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuraraq komanda hesabında 42 ölkə arasında 3-5-ci yerləri bölüşdürüb.