Bu gün Premyer Liqada "Zəfər turu" başlayır


Torpaqlarımızın işğaldan azad olunması üçün canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə təşəkkür edir, can sağlığı arzulayıram. 


Maraqlı həftəsonu olacaq. "Köhnə Azərbaycan derbisi" - "Neftçi" - "Kəpəz" qarşılaşmasına, liderlə yüksəlişdə olan gəncəlilərin duelinə şahidlik edəcəyik. 


Amma daha vacib oyun elə ilk oyundur. Yenidənqurma-yenilənmə dövrünü keçirən "Qarabağ", "liderlik 5-liyi"nin öz aralarındakı matçlarında ən yaxşı olan "Turan"ı qəbul edəcək. Bu qarşılaşma bir çox suallara aydınlıq gətirəcək. 


Əsas sual isə budur: 


"Qarabağ" böhrandadırmı?


Məncə, deyil. 


Bəs komandada hər şey qaydasındadırmı? O da deyil.


Bəs duruma nə ad verək?


Əvvəla, məğlubiyyəti olmayan, liderlər qrupunda qərar tutan komanda haqda "böhrandadır" ifadəsini işlətmək yanlış olardı. Hamı xal itirir, "Qarabağ"ın da itirməsi normaldır. Dəfələrlə yazmışıq ki, heyətdə ciddi dəyişikliklər edilib, hər mövqenin lider oyunçusu ayrılıb: qapı, müdafiə, orta xətt, hücum. Toparlanmaq, yenilənmək üçün vaxt lazımdır. Bir dəfə yazmışdım, indi də təkrar etmiş olum ki, bu proses bir mövsümdən daha çox müddət çəkə bilər. Yəni ağdamlılar bu il çempion olmasalar belə bunu faciə kimi qiymətləndirməməliyik. Camiə səbrli olmalıdır. Böyük klublarda bu iş nəinki 2-3, hətta 5-7 mövsüm belə çəkə bilir. "Qarabağ" isə Azərbaycanın böyük klubudur, tarix yazmış, fantastik nəticələrə imza atmış klubdur. Ağır qatarı relsə qaytarmaq da ağır olur. 20 ilin sistemi bu il "nəfəs dərir", uzun yol qət edilib, böyük yorğunluq var, ona görə də işlər bu qədər asan getmir. 


Digər tərəfdən məğlubiyyəti olmayan bu komandanın 4 bərabərliyi var və onlardan 3-ü əsas rəqiblərlə oyunda qeydə alınıb. "Neftçi"ylə son saniyə qolu ilə qurtulmaq mümkün olub, "Sabah"la matçda çox ehtiyatla oynanılıb, "Zirə" və "Qəbələ" ilə qarşılaşmalarda isə komandanın nə oynadığını heç kim başa düşməyib. Əslində, "Qarabağ"ın əvvəllər də belə məzmunsuz oynadığı xeyli matç olub. Amma bir yolunu tapıb qalib gəliblər. İndi alınmır. Yəqin ki rəqiblərin də güclənməsi, limitin ləğvindən sonra nisbətən zəif yerlilərə güvənməli olan komandaların sayının azalması, çempionatın səviyyəsinin yüksəlməsi, hər kəsin hər kəsə qalib gəlib hədəfə çatacağına inanması öz sözünü deyib. Artıq yarım güclə, "bir ayaq"la qalib gəlmək alınmır. Ötən mövsüm bunu bizə göstərdi, indi də göstərməkdə davam edir.


"Qarabağ"ın, daha dəqiq desək, Qurban Qurbanovun bəlli bir oyun sistemi, fəlsəfəsi var. Bu il bu ideya dəyişməyib. Sistem eynidir, oyunçular prinsipcə əvvəlkilərdən səviyyəcə geri qalmırlar, hətta əksərində üstələyirlər də. Yəni sırf mexanizm baxımından problem yoxdur. Problem bu mexanizmi hərəkətə gətirən qüvvənin ya yorğun, ya gücsüz, ya da həvəssiz olmağındadır. 


Sanki "Qarabağ" bir boşluğa düşüb. Bütün işıqların, diqqətin üzərində olduğu komanda hazırda 2-ci plandadır. Avropada olmayan "Qarabağ" heç kimə lazım deyil. Heç kim onlardan bu gün "İmişli"ni, sabah da "Nyukasl"ı yenməyi tələb eləmir. Avrokuboklarda onların matçlarına bilet üçün dava edənlər, indi "Sabah"ın matçları üçün "mübarizə"dədirlər. Yalnız bu müddət ərzində həqiqi azarkeşə çevrilmiş və bir o qədər də əvvəldən azarkeş olmuş qrup qalıb, camiə də bu şəxslərin olduğu qədər böyükdür. 


Yəni tələb(karlıq) azalıb. Bu, bir tərəfdən "perezaqruzka"nı asanlaşdırır. Ki, təzyiq olmadan, çoxlu fiziki və psixoloji yüklənmə olmadan, normal iş və məşq qrafiki ilə hazırlaşmaq imkanı qazanılır. "Filankəs zədəlidir, 3 gündən sonra ağır matç var, tez sağaldaq, iynə vuraq oynasın" dərdi yoxdur. Plan bəlli, iş bəlli, köklənmək üçün heç bir maneə yoxdur. Buyur, həll elə.


Digər tərəfdən, daxili çempionatda nə qədər səviyyə artsa da, "Şəfa", "Araz" və digər bu kimi komandalarla lazımi tempi yığıb, qorumaq olmur. Hoca da bunu bir neçə dəfə dilə gətirib. "Qarabağ"ın oyunçuları "Neftçi" kimi, "Sabah" kimi rəqiblərlə qarşılaşmalarda gərəkli motivasiyanı hiss edir, digərlərinə köklənə bilmirlər. Onlara Yevlaxın, Şamaxının sünisində "ikinci dərəcəli" komandalarla oynamaq maraqlı deyil. Onların əksəri "Qarabağ"ı daima avrokuboklarda olduğu üçün seçib. Onlar daha böyük səhnədə özlərini göstərmək, daha böyük klublarda, daha yaxşı çempionatlarda, daha yaxşı məvaciblə oynamaq istəyirlər. Sən bu adamlara "filan matç da vacibdir" deməklə iş yeriməyəcək. Hə, onlar da peşəkardırlar, yaxşı pul da qazanırlar, amma bir yerdən o tərəfə artıq başqa sözlər eşitməlidirlər. 


Xülasə, motivasiya çatmır. Bu motivasiyanı kim verməlidir? Baş məşqçi? Təbii ki.


Amma Qurbanov da dəmirdən deyil. O da insandır. Onun özünə bu dəqiqə motivasiya lazımdır. Tək futbol yox, ümumən idman tariximizin ən yaxşısı olan bu adamın etdiklərini hələ çox sonralar anlayacağıq. Nə qədər şablon səslənsə də, Qurban Qurbanov elədiyini eləyib, adını əbədi olaraq tarixə yazdırıb. Bundan sonrasını etmək üçün təkcə "filan mərhələyə yüksəlmək lazımdır" cümləsi bəs eləmir. Ona görə mən "Hoca yorulub" deyəndə onun məşqçilik bacarığını sorğulamıram. Mən mümkün olduğu qədər uyğun bir vaxtda kənara çəkilib bir müddət fasilə verməyini, özündə yeni motivasiya tapandan sonra daha böyük güclə iş başına qayıtmağını istədiyimi bildirirəm. 


Ay "rəqiblər onun sistemini öyrənib", ay "yeni heç nə yoxdur" tipli söhbətlər isə qeyri-ciddidir. Qvardiola 50 ildir eyni mexanizmlə məşqçilik edir, heç bu sözləri ona demirlər. Əsas olan sistem daxilində olan detalların saz, işlək, nəticəgətirən olmasıdır. Qalanı təfərrüatlardır.