Dakarda bağlanış mərasimindəki bayraqdarlarımız müəyyənləşdi
- 16:00
- 44
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarları müəyyənləşib.
Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Mərasimdə Azərbaycanın üçrəngli bayrağını gender bərabərliyinə görə boksçu Gülər Hüseynova (51 kq) və turnirdəki taekvondo yarışlarının gümüş mükafatçısı Adil Kazımlı (73 kq) daşıyacaqlar.
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi noyabrın 13-də Atletlər Kəndində Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 5 medal var. Cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medallara sahib çıxıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə Yeniyetmələrin IV Yay OLimpiya Oyunlarını gümüş medalla başa vurublar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülər - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdı.