"ORDU"nun baş məşqçisi avrokubok qələbəsini şərh edib
- 21:31
- 42
Voleybol üzrə "Challenge Cup"da mübarizə aparan kişilərdən ibarət "ORDU" klubu ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, təmsilçimiz 1/32 finalda səfərdə Norveçin "Forde VBK" komandasını 3:0 hesabı ilə məğlub edib.
Komandanın baş məşqçisi Cavid Süleymanov oyunla bağlı fikirlərini bölüşüb:
"İlk oyunumuz səfərdə oldu. Uzun və yorucu yol qət etməyimizə baxmayaraq, hazırlıq prosesində gördüyümüz işlərin müsbət nəticə verəcəyinə inanırdıq. Sevindirici haldır ki, gözləntilərimiz doğruldu və qarşılaşmadan istədiyimiz nəticə ilə ayrıldıq.
Komandamızda təcrübəli voleybolçuların olması oyunun gedişində özünü göstərdi. Müəyyənləşdirdiyimiz taktiki tapşırıqları yüksək səviyyədə yerinə yetirdik və təcrübəmiz həlledici məqamlarda mühüm rol oynadı. “Forde VBK” gənc kollektiv olsa da, avrokuboklarda zəif rəqibin olmadığını yaxşı bilirik. Rəqib komanda da layiqli mübarizə apardı və bizə ciddi müqavimət göstərdi.
Əldə etdiyimiz qələbə, şübhəsiz ki, sevindiricidir. Lakin bu nəticə bizi arxayınlaşdırmamalıdır. Bakıya qayıtdıqdan sonra komandaya bir günlük istirahət veriləcək, daha sonra məşqləri bərpa edərək cavab qarşılaşmasına hazırlığa başlayacağıq. Növbəti oyuna da eyni məsuliyyətlə yanaşacaq və uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik".