Futbol üzrə Polşa yığmasının qapıçısı Voyçex Şesnı Avropa çempionatları tarixində ilkə imza atıb.

Rekord.az xəbər verir ki, o, qitə birinciliklərində avtoqol müəllifi olan ilk qolkiper kimi tarixə düşüb.

E qrupu çərçivəsində Slovakiya ilə qarşılaşan Polşa yığması bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Bu qarşılaşmada hesab 18-ci dəqiqədə açılıb. Slovakiya millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəyə dəyib, daha sonra qapıçı Voyçex Şesnıya dəyərək tora daxil olub. Bununla da 31 yaşlı qapıçı istəmədən bir ilk müəllifinə çevrilib.

Qeyd edək ki, Voyçex Şesnı İtaliyanın “Yuventus” klubunun qapısını qoruyur. O da maraqlıdır ki, bu Avropa çempionatında vurulmuş əvvəlki avtoqola da “Yuventus”un şərəfini qoruyan türkiyəli futbolçu Merih Demiral imza atmışdı. AÇ-2020-nin açılış matçı olan İtaliya – Türkiyə matçında “fərqlənən” müdafiəçi də bir ilki gerçəkləşdirmişdi. Belə ki, Avropa çempionatlarının tarixində ilk dəfə açılış matçında avtoqol qeydə alınmışdı.