19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev Sloveniyada təşkil olunan “Slovenia Nations Cup” yoldaşlıq turniri çərçivəsində İslandiya yığması ilə keçirilən ilk oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, baş məşqçi U-19 millimizin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə futbolçuların əzmkar mübarizə apardıqlarını bildirib:


“Toplanış çərçivəsində ilk oyunumuz idi. Gərgin mübarizəyə şahidlik etdik. İslandiya güclü rəqib idi. Buna baxmayaraq, uşaqlar yaxşı xarakter göstərdilər, hər birinə alqış düşür. İki gözəl qol vurduq. Nəticədən razı qalsam da, qarşılaşmanın gedişində bəzi səhvlər oldu. Bu səhvlərimizin üzərində işləyəcəyik. Futbolçularımızı təbrik edirəm, qarşıdakı matçlarda onlardan daha yaxşı mübarizə gözləyirəm”.


Elxan Abdullayev beynəlxalq turnirdəki rəqibləri millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərinə bənzədib: “İslandiya ilə oyunu artıq unudub, əvvəlcə Farer adaları, ardından isə Polşa ilə görüşə hazırlaşmalıyıq. Bildiyiniz kimi, noyabrdakı seçmə mərhələdə Çexiya, Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Yoxlama oyunları üçün də məhz bu komandaların üslubuna bənzər rəqiblər seçmişik. Ümumilikdə təşkilatçılıqdan çox razıyıq. Toplanış üçün çox yaxşı şərait yaradılıb”.


U-19 millimiz turnir çərçivəsində növbəti oyunlarını sentyabrın 6-da Farer adaları, 9-da isə Polşanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.