8-ci tura baxış - şərh
- 12:47
- 38
Premyer Liqada 8-ci tur geridə qaldı. Öyrəndik ki...
- çempionatımız marağını itirmir, əksinə daha da rəngarənq olmağa başlayıb.
- gözəl bir derbi havası yaşadıq. Xeyli müddətdən sonra çempionluq mübarizəsinə qayıdan "Neftçi" və son aylarda qızıl medallar və avrokubok payızından məhrum olan, dərin yenidənqurma prosesindən keçən "Qarabağ" bizə futbol bayramı yaşatdılar. İngiltərədə, İtaliyada, Almaniyada, hər hansı böyük liqada belə triller izləsəydik, yerə-göyə sığdırmazdıq, matçın hərarətindən, gərginliyindən, dramasından ağız dolusu danışardıq, özümüzə nümunə göstərərdik. Əlimizdə olanın qədrini bilməliyik.
- "Neftçi"nin vurduğu 3-cü qoldakı Almeyda-Saviç paslaşması, "Qarabağ"ın isə 2-ci qolundakı Sefasın fərdi performansı oyunun bəzəyi idi.
- Əsas rəqiblərinin ikisi də xal itirdiyi məqamda "Sabah" sakitcə qələbəsini qazanıb liderliyə yüksəldi. Matçda diqqətçəkən məqamlar Xəyal Əliyevin uzun zədədən sonra dönüşü və 40 yaşlı Asif Məmmədovun meydana çıxması idi.
- Liderlər qrupunun izləyiciləri də qələbə qazana bilmədilər. Berdıyevin "Turan"ı yenə öz ampluasında idi: məzmunsuz oyun, hücum imitasiyası, ümidverici heç nəyin olmaması. Bu məşqçiyə sırf nəticəyə görə dözmək olurdu, o da olmayınca danışılacaq bir şey qalmır.
- "Zirə" isə artıq 5 oyundur qələbə qazana bilmir. Rəşad Sadıqovun yetirmələri "Şamaxı"dan sonra "Kəpəz"ə də uduzaraq sonuncuları turnir cədvəlində özündən irəli buraxmaqdan son anda qurtuldular. Qəsəbə təmsilçisinin ənənəvi "payız enişi" bu dəfə deyəsən daha tez başlayıb, toparlanmanın nə qədər çəkəcəyi isə məlum deyil.
- "Kəpəz" isə minimum imkanlarla maksimum nə etmək mümkündürsə, edir. Azər Məmmədov döyüşkən komanda yarada bilib və arxasındakı böyük azarkeş kütləsi ilə sürpriz nəticələr qazanmaqdadır. Gəncəlilər bu dəfə güclü "Zirə"dən xal aldılar və bundan sonra da istənilən rəqibə başağrı olacaqlarını göstərdilər.
- "Sumqayıt" da toparlanıb. Filipe Kandidonun yetirmələri bu dəfə "Araz"ı yenərək xal ehtiyatlarını artırdılar və təhlükəli zonadan uzaqlaşa bildilər. Komandada zədələr səbəbindən əsas oyun planını tam həyata keçirmək çətindir. Bununla paralel əsas heyətdəki oyunçular rəqabətədavamlı vəziyyətə gəlməkdədirlər. Hər şey hələ də ideal deyil, amma müəyyən irəliləyişi də qəbul etməliyik.
- Debütant "Şəfa"nın da durumu maraqlıdır. Zaur Həşimovun komandası bu turda 2 topluq üstünlüyü əldən verərək böyük şansı qaçırdı. Baş məşqçi mövsümə yaxşı başlamışdı, amma indi işlər yaxşı getmir. Görünən odur ki, mütəxəssis yaxşı startı davam etdirməyi bacarmayıb. Xüsusilə Şamaxıdakı matç Həşimovun klubdakı perspektivinə mənfi təsir edəcək. Növbəti turlarda xal itkiləri onun vəzifəsindən getməyinə də səbəb ola bilər.
- Sabah "Sabah" ÇL-də Almaniya nəhəngi "Borussiya" ilə oynayacaq. Təmsilçimizə bu böyük qarşılaşmada uğurlar arzulayaq.