"Qəbələ"nin yeni transferi Eduardo Kunde tezliklə Misli Premyer Liqasının oyununda meydana çıxmaq istəyir.


Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.


O, yeni komandası ilə bağlı ilkin təssüratlarının yaxşı olduğunu söyləyib:


"Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar. Dünən yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram. Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam”.


Monteneqrolu futbolçu “Qəbələ”nin təklifini qəbul etməsi barədə də danışıb:


“Qəbələ”dən təklif alanda klub və ölkənizlə bağlı araşdırma apardım, məlumatlar topladım. Hər kəs həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi. Qəbələ şəhərinin gözəl təbiətə malik olduğunu, klubun isə Azərbaycan futbolunda tarix yazdığını öyrəndim. Bu səbəblər təklifi qəbul etməyimdə vacib rol oynadı. Burada olduğum üçün çox şadam”.