UEFA-nın SOCAR şirkəti ilə əməkdaşlığı başa çatıb.

Rekord.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

“Deutschlandfunk.de” saytının xəbərinə görə, SOCAR-ın UEFA ilə əməkdaşlığına son qoyulub. Almaniya mətbuatı, UEFA-nın SOCAR-ı AÇ-2020-nin sponsorları siyahısından çıxardığını yazıb. Buna səbəb kimi şirkətin müharibə dövründə beynəlxalq təbliğat prosesində iştirak etməsi ehtimalı vurğulanıb.

Ötən ilin oktyabrında Qarabağda baş verən müharibə zamanı Ermənistan Futbol Federasiyası SOCAR-ın döyüşlər vaxtı təbliğat aparması, rəsmi sosial media səhifələrində aqressiv mesajlar verməsi iddiası ilə UEFA-ya müraciət edərək, SOCAR-la əməkdaşlığın yenidən nəzərdən keçirilməsini istəmişdi.

SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunu SOCAR maliyyələşdirir.