"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 2-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:


“Bilirdik ki, bizi bu matçda nə gözləyir. Ağır oyun alındı. Hər iki komanda meydançada çoxlu mübarizə apardı. Bu gün meydanda istədiyimizi etməyə çalışırdıq. İstədiyim komandanı gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə, hücum və müdafiə planında daha da yaxşı komanda olacağıq.


Bu gün yaxşı mübarizəli oyun getdi. Futbolçular bu tempə, dinamikaya öyrəşirsə, təqdirəlayiqdir. Düşünmürəm ki, avrokuboklar bizə müsbət və ya mənfi təsir edə bilər. İlk dəfə ölkəmizi avrokubokda təmsil edirdik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, amma alınmadı. Təzyiqə gəldikdə, 5 ildir ki, mövsümün əvvəli məni istefaya göndərirlər. Şayiələr normaldır. Onu da hansısa insanlar yaradır. Şayiələrə fikir verib, işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olacağıq. Tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam o geridönüşü etməyi bacarır. Kollektiv bərkdir, onlara inanıram. Turlar getdikcə daha da yaxşı "Araz-Naxçıvan" görəcəksiz. 


Penalti epizoduna gəlincə, mən də planşetdən baxıram. Ucuz penaltini heç öz lehimizə də istəmərəm. Penalti qərarı səhv idi”.