Türkiyənin qadın voleybolçulardan ibarət "Aras Kargo" klubunun heyətində ciddi sağlamlıq problemi yaşanır. "Rekord.az" xəbər verir ki, komandanın altı oyunçusu qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Aparılan müayinələrdən sonra voleybolçulara dizenteriya diaqnozu qoyulub.

Hadisə komandanın Türkiyə kuboku çərçivəsində "Eczacıbaşı" ilə keçirdiyi 1/4 final qarşılaşmasından əvvəl baş verib. Klubun rəsmi açıqlamasına görə, görüşdən öncə həm voleybolçularda, həm də texniki heyət üzvlərində qida zəhərlənməsinə bənzər əlamətlər müşahidə olunub. Bununla belə, komanda oyuna çıxıb. Qarşılaşma zamanı voleybolçuların vəziyyəti daha da pisləşsə də, onlar oyunu başa çatdırıblar. Matçdan sonra onların müalicəsinə başlanılıb və bəzi oyunçular xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, Ana Kalandadze, Ana Karina Olaya, Mackenzie Caitlin May, Lila Şengün və Sude Taşbaşın müalicəsi xəstəxanada davam etdirilir. Martha Anthoulinin müalicəsi isə əsasən ev şəraitində aparılır və zərurət yarandıqda xəstəxanada müayinədən keçirilir.

Bu hadisə komandanın oyun təqviminə də təsir edib. Türkiyə Sultanlar Liqasının 10-cu turu çərçivəsində noyabrın 21-də keçirilməsi nəzərdə tutulan "Aras Kargo" - "Fenerbahçe" qarşılaşması təxirə salınıb. Bundan başqa, İzmir təmsilçisi noyabrın 25-də Yunanıstanın "ZAON Kifissia" komandası ilə CEV Challenge Cup çərçivəsində keçirməli olduğu görüşün də təxirə salınması üçün CEV-ə müraciət edib. Yunanıstan klubu da bu müraciətə dəstək verib və qarşılaşmanın təxirə salındığını açıqlayıb.

Zəhərlənmənin konkret hansı mənbədən yayıldığı barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.