"Hər rəqibə qarşı oynamaq əvvəlkindən daha çətin olub" - MÜSAHİBƏ
- 04:30
- 23
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Rekord.az-a müsahibə verib:
- Son 4 turda cəmi 3 xal toplamısınız və bu müddətdə bir qol belə vura bilməmisiniz. Bu gün də rəqib qapısına yol tapmaq niyə mümkün olmadı?
- "Kəpəz" səfərinin çətin olacağını bilirdik. Onlar topladıqları xallarla və nümayiş etdirdikləri oyunla yaxşı komanda olduqlarını göstəriblər. Həmçinin əla azarkeş dəstəkləri var. Belə stadionda oynamaq bizim üçün çox xoş idi. Oyuna gəlincə isə qol vura bilmədiyimiz üçün çox təəssüflənirik. Çətin olacağını bilirdik və bütün həftə ərzində bunun üzərində çalışmışdıq. Dediyim kimi qapıya yol tapa bilməməyimiz çox üzücüdür.
- Qol vurmaq üçün nə çatışmır? Sonuncu dəfə bunu «Neftçi» ilə matçda bacarmısınız.
- Bəli artıq 4 oyundur qol vura bilmirik. Düşünürəm ki burada komandaların bizə qarşı xüsusi hazırlaşması da öz rolunu oynayır. Bunu meydanda hiss edirik. Top bizdə olanda rəqiblər müdafiəyə çəkilir və topu sürətlə irəli aparmağımız üçün boşluq vermirlər.
- Bu xal itkiləri çempionluq şansınızı təhlükə altına qoyur.
- Bunu bütün komanda olaraq anlayırıq. Dediyim kimi bu tendensiyanı dəyişmək üçün əlimizdən gələni edirik.
- Uzunmüddətli zədədən sonra ilk dəfə start heyətində meydana çıxdınız. Özünüzü necə hiss edirsiniz?
- Uzun fasilədən sonra start heyətinə qayıtmaq əlbəttə ki çox xoşdur. Bərpa prosesim uzun çəkdi və 9 ay davam etdi. Dediyim kimi geri qayıtdığım üçün çox sevinirəm. Qarşıda nəticələrimizi yaxşılaşdırmaq üçün bizi çox iş gözləyir.
- «Sumqayıt»la oyun qolsuzluq seriyasına son qoymaq üçün yaxşı fürsətdir?
- Bütün komandalar yaxşı çıxış edir və müdafiədə inamlı oynayırlar. Oyunun necə keçəcəyini indidən deyə bilmərəm. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qol vura bilməməyimiz təkcə məndən asılı deyil. Hamımız qol vurmaq istəyirik və bu tendensiyanı dəyişmək üçün çalışırıq.
- Komandadan ayrılan futbolçulardan kimlər üçün darıxırsınız? Kimlərin yoxluğu daha çox hiss olunur?
- (Gülür) Hamısı üçün. Çünki komandamızda yeni kollektiv formalaşıb. Əvvəllər bir-birimizlə uzun müddət oynayırdıq və meydanda bir-birimizi çox yaxşı başa düşürdük. İndi isə yeni komandayıq və bir-birimizi tam anlamağımız üçün zamana ehtiyacımız var. Əminəm ki bunlar müvəqqəti çətinliklərdir.
- Bu mövsüm Azərbaycan çempionatını necə qiymətləndirirsiniz? Nəticələr barədə nə düşünürsünüz?
- Bu mövsümü izlədikcə çoxlu sürprizlərin və ciddi mübarizənin şahidi oluram. Bütün komandalar güclənib və hər rəqibə qarşı oynamaq əvvəlkindən daha çətin olub. Bu da çempionatın daha güclü və maraqlı olduğunu göstərir.
- Qurban Qurbanov sizin qapı xəttindən çıxardığınız topu xüsusi qeyd edərək bu işdə ən yaxşı olduğunuzu deyir.
- (Gülür) Uşaqlıqdan bu işi sevirəm və hər dəfə məşqlərdə təkrarlayıram. Mənim üçün bu heç də çətinlik yaratmır.
- Stadiondakı atmosferi və azarkeş dəstəyini necə qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Bəli «Tofiq Bəhramov» stadionuna da kifayət qədər azarkeş gəlir. Amma anşlaqı məhz Gəncədə gördük. Belə dolu tribunalar önündə oynamaq böyük zövqdür. Ümid edirəm ki bu tendensiya adi hala çevriləcək.