
Tahir Süleymanovla “gizli görüş”
- 09:10
- 207
O gün Tahir Süleymanovu gördüm. Yox, bu görüş əyani olmadı. Çoxdandır ki, yollarımız kəsişmir, bir az həyatın yoğunluğundan, şəhərin tıxaclarından bezib, daha kiçik coğrafiyada hərəkət etmək məcburiyyətindən Tahir bəyi görə bilmirəm. Onu “mavi ekran”dan görmək qismət oldu. “Neftçi” veteranları” ilə “Premyer Liqa məşçqçiləri”nin yoldaşlıq xarakterli oyununu idarə edirdi. Adam rəsmən saçını-saqqalını Azərbaycan futbolunda ağartdı. Təəssüflər olsun ki, layiq olduğu yerdə əyləşdirib, qiymətini vermək istəmirlər. Hərdən sevinirik ki, bu cür futbol qarşılaşmaları olur, yaxud da televiziya proqramları. Futbol ictimaiyyəti də Süleymanovu görmək, eşitmək imkanı qazanır.
“Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, Azərbaycan futbolu üçün cığıraçan rolu oynayanda bu uğurun altında imzası olan 3-4 kişidən biri Tahir Süleymanov idi. Klubun prezidenti Sadıq Sadıqovun və ümumiyyətlə, bütün futbol ictimaiyyətinin etimadını doğrultdu, “Neftçi” həm ölkə daxilində, həm də avrokuboklarda yetərincə böyük uğurlar qazandı. Mükafatı nə oldu? Qısqanclıq! Məhz bu qısqanclığa görə heç bir səbəbsiz, bəhanəsiz, əsassız şəkildə onu təkcə “Neftçi”dən yox, futboldan uzaqlaşdırdılar. Çünki özləri onun qədər uğur qazana bilmirdilər. Uğurun kökündə isə peşəkarlıq, futbolu dərindən bilmək və ədalətli olmaq dayanırdı.
12-13 il bundan əvvəl Tahir Süleymanovun bir şəkli mətbuatın bəzəyinə çevrilmişdi. Tahir bəy Braziliya stadionlarını qarışbaqarış gəzirdi, tribunalarda canlı şəkildə oyunçular izləyirdi. Elə o çətin səfərlərin nəticəsində də neçə-neçə faydalı legioner “Neftçi”də forma geydi, istedadlı yerlilərlə birlikdə komandanı və Azərbaycan futbolunu uğurdan-uğura daşıdılar. Həmin vaxt AFFA-ya yaxın olan menecerlər qaz vurub, qazan doldurmaqla, Dağıstandan, Ukraynadan, Almaniyadan həvəskar səviyyəli futbolçuları gətirib, “milliləşdirməklə” məşğul idilər. Onlar üçün əsas futbol yox, pul qazanmaq ehtirası idi.
Bu gün həmin adamlar özləri futbolda yoxdur. Di gəl ki, Tahir Süleymanovun bilik və bacarığından yenə də yetərincə yararlanmırlar. Ara-sıra Tahir bəy AFFA-ya görüşə çağırıb, hansısa strategiya ilə bağlı fikirlərini soruşurlar, vəssalam. Sonda yenə də öz bildiklərini edirlər. Yaxşı, deyək ki, futbolu idarə etməyi yaxşı bildiyinizi düşünürsüz, xarici səfərlərə yollanmağa özünüzdən və ətrafınızdan başqa kimsəni layiq görmürsüz. Bəs hakimləri nə üçün özü hakim olmuş, FİFA referisi kimi ad qazanmış birinə etibar etmək istəmirsiz?! Ştuxlik, Şimşək, De Bleker... ekspermentləriniz Azərbaycan futboluna heç nə qazandırmır, hakimliyimiz böhranda batır. Çağırın bu dəfə Süleymanovu, belçikalını yola salın, bu dəfə onunla yoxlayın. Nədir bu azərbaycanlı mütəxəssislərə qısqanclığın, etimadsızlığın səbəbi? Axı əcnəbilər sizin üzünüzü güldürmür.
AFFA İcraiyyə Komitəsinin son iclasında Tahir Süleymanovun təklifləri müzakirə olunub, ondan sonra baş katib Cahangir Fərəcullayevlə Tahir bəy arasında görüş keçirilib. AFFA-nın ölkənin ən yaxşı futbol mütəxəssislərindən birindən faydalanmaq istəyi bundan o tərəfə keçmir. Görüşlər də, müzakirələr də gizlin-gizlin aparılır. Örtülü bazarın da dostluğu pozacağı şübhəsizdir.
Yazar haqqında
