
“Şimali İrlandiya klubuna vurduğum qolları ailəmə ərməğan edirəm”
- 15:00
- 38
"Araz-Naxçıvan"ın futzalçısı Ülvi Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində Şimali İrlandiyanın "Sparta Belfast" klubu ilə matçda vurduğu qolları ailəsinə həsr edib.
Rekord.az xəbər verir ki, bu barədə futzalçı Azəbaycan Futzal Federasyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
O, ən böyük dəstəkçilərinin ailəsi olduğunu qeyd edib:
"İlk növbədə çalışdım komandamın qələbəsinə töhfə verim, kömək edim. Şimali İrlandiya klubuna vurduğum qolları hər zaman məni dəstəkləyən, yanımda olan, ruhdan düşməyə imkan verməyən, qəbələyə səsləyən ailəmə ərməğan edirəm. Ən böyük dəstəkçilərim onlardır".
Futzalçı turnirdə keçirdikləri ilk matçı da dəyərləndirib:
"Yaxşı hazırlıq keçmişik, heyətimizi günləndirmək üçün yeni futzalçılar dəvət edilib. Bir sözlə, Avstriyaya tam hazır gəlmişik. İlk oyundakı rəqibimiz də yaxşı analiz edilmişdi. Daha doğrusu, baş məşqçi onlara qarşı necə oynamalı olduğumuzu məşqlərdə başa salmışdı. Yeri gəlmişkən, ötən il də Çempionlar Liqasının ilkin mərhələsinə mərhz onlarla oyunla start vermişdik. İlk oyunda müəyyən həyəcan, adaptasiya problemi olur. Vacib olan qələbə qazanmaq idi, çünki bu cür turnirlərdə səhv bağışlanmır. Böyükhesablı qələbə növbəti oyunlar üçün əla stimul oldu".
Növbəti rəqiblərlə bağlı da fikrini bölüşən Ü.Əliyev diqqətli olmağın vacibliyini vurğulayıb:
"Dünən günün ikinci oyununda da gözlənildiyi kimi, meydan sahibi komanda qalib gəldi. Məğlub olmasına baxmayaraq, Şotlandiya çempionunun da fərqlənmək üçün bir neçə şansı oldu. Baş məşqçimiz hər iki komandanı analiz edib, lazımi məlumatları bizə çatdıracaq. İstənilən halda, diqqətli olmalı, rəqiblərə zəif-güclü prizmasından baxmamalıyıq. Çünki hər oyuna 3 xal verilir. Yenə deyirəm, ani diqqətsizlik, səhv nəticəsində itiriləcək xalların bərpası olmur. Təbii ki, məqsədimiz əsas mərhələyə yüksəlməkdir. Bunun üçün ilkin mərhələni lider kimi başa vurmalıyıq. Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq".
Qeyd edək ki, Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutan F qrupunun "Araz-Naxçıvan" - "Sparta Belfast" matçı Azərbaycan çempionunun 9:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ü.Əliyev görüşdə dubl müəllifi olub.