Sərxan Hacıyevin "əvəzedicilər"lə bağlı fikirlərinin istinadı: 8 klub əlehinədir
- 19:00
- 50
Bu yaxınlarda Qəbələdə jurnalistlərə açıqlama verən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev əvəzedicilərin liqasnın ləğvinin gözlənildiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu açıqlama istər-istəməz müzakirələr yaratdı.
Bu qərar sırf AFFA rəhbərliyinin qərarı olacaq, yoxsa klublar bunu istəyir. Əgər bu məsələ gündəmdədirsə, bununla bağlı qəti qərar nə zaman veriləcək, klubların buna münasibəti necədir və s. Biz isə dünən keçirilən "Şamaxı" - "Kəpəz" matçından sonra "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usubdan məsələyə münasibət öyrəndik. Klub rəsmisi fikirlərini çox geniş şəkildə izah etdi və ictimaiyyət üçün bir sıra qaranlıq məqamlara aydınlıq gətirmiş oldu: "Əvəzedicilərlərlə bağlı məsələni biz 2025-ci il dekabrın 11-də Klublar Komitəsinin iclasında müzakirə elədik. Müzakirənin təşəbbüskarı "Şamaxı" və "Turan Tovuz" klubları idi ki, bu məsələ dəqiqləşsin, biz də işimizi bilək. Yəni bilək ki, növbəti mövsüm əvəzedicilər liqası olacaq, ya yox. Həmin iclasda iştirak edən klubların da əksəriyyəti əvəzedici liqanın qalmasının tərəfdarı olmadığını bildirdi. Fikir ayrılığı var, hərənin öz arqumenti var və bu məsələdə çox dərinə getmək istəmirəm. Bu ilin 11 martında yenidən bu məsələ müzakirə olundu, klublar yenidən öz mövqeyini ortaya qoydu. 8 klub əvəzedici liqanın saxlanılmasının əlehinə oldu. İki klub bitərəf qaldığı halda, iki klub isə saxlanılmasının tərəfdarı oldu. Ola bilsin, Sərxan müəllim də klubların mövqeyinə istinadən deyib ki, əvəzedicilərin liqası olmayacaq. Bizim istəyimiz budur ki, vaxtında deyilsin, olacaq, ya olmayacaq. Biz də işimizi bilək. İyun-iyul ayında deyilməsin ki, olacaq".
Göründüyü kimi, məsələ klublar arasında iki dəfə, özü də geniş şəkildə müzakirə olunub və böyük əksəriyyət əvəzedicilərin saxlanılmasının əlehinə çıxıb. Məlum məsələdir ki, Klublar Komitəsində müzakirə olunan məsələdən AFFA-nın da xəbəri olur. Demək, onlar da klubların böyük hissəsinin bu liqanın əlehinə olduğunu bilir və bu məsələdə çoxluğun əlehinə qərar vermək istəmir. Şübhə yoxdur ki, Sərxan Hacıuev də əvəzedicilərin ləğvinin gözlənildiyini deməklə məhz klubların böyük əksəriyyətinin mövqeyinə istinad edib.