“Real” klubunun müdafiəçisi Antonio Rudiger İspaniya Kubokunda “Barselona”ya qarşı final oyununda qeyri-idman davranışına görə 6 oyunluq cəzalandırılıb.


Rekord.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.


Oyunun son dəqiqələrində matçın baş hakimi Kilian Mbappenin Erik Qarsiyaya qarşı hərəkətinə görə “Kral klubu”nun hücumunu dayandırıb. Ehtiyat oyunçular skamyası yanındakı texniki zonada olan Rudiger isə hakimə buz atıb. Bundan sonra almaniyalı qırmızı vərəqə ilə cəzalandırılıb.


“Real”ın daha iki futbolçusu – ingiltərəli yarımmüdafiəçi Cud Bellinqem və ispaniyalı müdafiəçi Lukas Vaskes də qırmızı vərəqə alıblar. Lakin RFEF britaniyalı ilə bağlı qərarı yenidən nəzərdən keçirərək, onu ləğv edib. Vaskes isə 2 oyunluq cəzalandırılıb.


Xatırladaq ki, “Real” İspaniya Kubokunda “Barselona”ya məğlub olub.