Misli Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Zirə" – "Qəbələ" oyununda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya təşkil edilib.


Bu barədə Rekord.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.


Qurumun Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin təşkilatçılığı, "Zirə" və "Qəbələ" futbol klublarının dəstəyi ilə keçirilən aksiya çərçivəsində 3 saylı uşaq tərbiyə müəssisəsinin uşaqları meydana çıxarkən futbolçuları müşayiət ediblər. Uşaqlar meydana əllərində Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar.


Aksiya çərçivəsində klubların rəhbərlikləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.


Təşəbbüsün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, həmçinin onlarda milli dəyərlərə və dövlət rəmzlərimizə hörmət və sevgi hissini gücləndirməkdir.