Premyer Liqada 11-ci tur geridə qaldı. Öyrəndik ki...


- turnir cədvəlinin üst pillələrindəki sıxlığı əlimizlə düzəltsəydik, bu qədər yaxşı düzəldə bilməzdik. Hamı hamı ilə xal itirə bilir. Bu da indidən yazda kimin hansı hədəfə çatacağını proqnozlaşdırmağı mümkünsüz edir. Nəzəri cəhətdən hətta "Kəpəz"in çempionluq şansı var. Ağır cümlə oldu...


- iki ay ərzində Qurban Qurbanov kimi nəhəngi "yedik". Ölkə futbolunun tarixini sıfırdan yazmış adamı 2-3 xal itkisinə görə silmişik. Mənə sırf "Qarabağ" azarkeşlərinin bir hissəsinin davranışı çatmır. Nə baş verib, cənablar? 12 çempionluğunuz, loqonuzda 2 ulduzunun, Avropada yazılan böyük tarixiniz var, hamısında da bu adamın imzası. Bu il çempion olmasaz, lap avrokuboklara getməsəz nə olacaq? Dünyanın sonudur? Bir az yavaş...


- Az qalıb, bir azdan Dambrauskasa da növbə çatacaq. Komandanın sabit nəticə qazana bilməməsində onun da günahı var. Amma obyektiv səbəbləri də unutmayaq. Ötən il "Qarabağ"ın dözmədiyi və çempionluğu əldən verdiyi rejim bu dəfə "Sabah"a maneə törədir. "Bayquşlar"ın da ehtiyat qüvvəsinin iki cəbhədə yarışmağa imkan vermədiyi üzə çıxır. Fikri kənarda olan litvalı mütəxəssisin bu durumdan necə çıxacağı, ümumiyyətlə çıxıb-çıxa bilməyəcəyini izləmək maraqlı olacaq.


- Berdıyev isə "Boss rejimi"ni qoşub. Ən güclü rəqiblərini mat qoyan təcrübəli mütəxəssis "yarışda mən də varam" deyir. Özü də yüksək səslə. Eşitdik, müəllim, eşitdik, narahat olma. Yazaq bir kənara: "Turan" çempionluq mübarizəsindədir". 


- Vernidub isə "qızıl rejim"dədir. "Neftçi" liderdir, bunu sabitliyi ilə haqq edib. "Ağ-qaralar" autsayderlərlə xal itirmir, derbilərdə isə minimal nəticələrlə qane olaraq prosesi düzgün idarə edə bilir. Gedişat komandanın qış çempionluğuna aparır. Sonra isə 2-3 transferlə mövsümə qızıl nöqtə qoymaq cəhdi ediləcək.


- "Sumqayıt" isə özü də bilmir hansı rejimdədir. Avtopilotda gedirlər özləri üçün.


- "Şəfa" son matçlarda yaxşı təsir bağışlayır. Oyuna çox yaxşı başlayan, qollar vuran Zaur Həşimovun yetirmələri üstünlüyü qoruya bilməyərək eyni ssenariylə xallar itirirlər. Bir az da hakimlər debütantı zəif görüb sıxmağa başlayıblar. Ancaq ümumilikdə, komandanın yavaş-yavaş toparlandığı, müsbət nəticəyə ümid verməyə başladığını söyləmək olar.


- Çempionatın ilk dövrəsi başa çatmış oldu. Qarşıda yekunlar haqda danışmaq imkanımız olacaq. İndi isə milli fasilə başlayır. Küçədən keçəndə evinizin yaxınlığındakı apteki yerini yadınızda saxlayın. Yığmanın oyununa baxanda lazımımız olacaq.


- Hava da elə bil camaatın qəsdinə durub. 2-3 gün bayram ola, onda da çıxıb gəzib istirahət edə bilməyəsən.


- Salam, Türkiyə. Nətərsən, qaqaş?