
“Neftçi” kimi komandadan xal qazanmaq nailiyyətdir”
- 22 Avq 2025 20:45
- 45
“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 2-ci turunun açılış matçında “Neftçi” ilə üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Xorxe Kasqilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı oyunun çox çətin keçəcəyini gözlədiklərini bildirib:
“Gözlədiyimiz kimi, oyun çox çətin keçdi. “Neftçi” bilirik ki, çempionluğa oynayan komandadır. Onlar keçən turda heç-heçə etmişdilər və bilirdik ki, bizə qarşı qələbə qazanmaq üçün oynayacaqlar. Amma biz ötən turdakı səhlərimizdən dərs çıxarıb, bugünkü oyuna yaxşı hazırlaşmışdıq.
Azərbaycan Premyer Liqası əvvəl işlədiyim Çexiyanın 3-cü liqasından əlbəttə ki, güclüdür. Müqayisə mümkünsüzdür.
Mənə bundan öncə də belə sual verilmişdi. Azərbayacana gəlməmişdən əvvəl Fernandu Santuşla (Azərbaycan millisinin baş məşqçisi) heç bir danışığım olmayıb.
Püşkatmadan sonra bilirdik ki, ilk üç turda çempionluğa iddialı komandalara qarşı oynayacağıq. Hazırlığımızı buna görə keçmişdik. Və bunun nəticəsi idi ki, bu gün ilk xalımızı qazandıq. Onlar favorit olsalar da, biz də yaxşı hazırlıq keçib onlardan geri qalmadığımızı göstərmək istəyirdik. “Sabah” da sürətli komandadır. İndi bu oyuna hazırlaşacağıq.
“Neftçi” kimi komandadan xal qazanmaq bir məşqçi üçün nailiyyətdir. Bundan əlavə, komandanın hazırlıqlı olması göstərdi ki, daha çox xallar qazana bilərik. Dediyim kimi, məşqlərimizi davam etdirib növbəti oyunlara hazırlaşacağıq.
Komandamız fiziki cəhətdən yaxşı hazırlaşıb. Bizim ehtiyatda olan oyunçuların çoxu cavandır. Komandamız belədir, biz oyunçuların üzərində işləyirik”.