
“Neftçi” beynəlxalq turnirin qalibi oldu
- 19:30
- 40
Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşadək futbolçular arasında keçirilən 2-ci "Ulduz Cup" beynəlxalq turnirinin qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, yarışın son günündə ilk olaraq üçüncü yer uğrunda görüş keçirilib.
Gərgin mübarizə şəraitində keçən oyunda Gürcüstan təmsilçisi "Dinamo" (Tiflis) "Sabah" klubunu penaltilər seriyasında məğlub edərək bürünc medala sahib çıxıb.
Final matçında isə "Neftçi" Özbəkistanın "Paxtakor" kollektivindən güclü olub. Əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşan qarşılaşmada qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan (5:4) "ağ-qaralar" turnirin qalibi olublar.
Yekunda fərdi nominasiyalar üzrə qaliblər də müəyyənləşib. Ən yaxşı oyunçu Umarali Haydarov ("Paxtakor"), ən məhsuldar oyunçu Əli Hüseynli ("Sabah"), ən yaxşı qapıçı isə Elmar Abbaslı ("Neftçi") seçilib.
Kubok və qızıl medalları mükafatçılara Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və “Ulduz” FA-nın direktoru Mehman Əlimov təqdim ediblər.
Yarışda 7 ölkədən 12 komanda mübarizə aparıb.